Yuxarı
    Bağlamaq

    "Saxo Bank": Neftin ucuzlaşmasına səbəb ola biləcək əhəmiyyətli risk yoxdur

    ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca dolların zəifləmə riski artır

    Bakı. 6 aprel. REPORT.AZ/ Siyasi qeyri-müəyyənlik, ABŞ-dakı prezident seçkiləri ərəfəsində qarşıdurma əhval-ruhiyyəsinin artması və iyunda baş tutacaq Birləşmiş Krallığın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı referendumun yaxınlaşması 2016-cı ilin II rübündə maliyyə bazarları qarşısında duran ən böyük risklərdir.

    "Report"un “Saxo Bank”ın rüblük makroiqtisadi proqnozlarına istinadən verdiyi xəbərə görə, Bankın baş iqtisadçısı Stin Yakobsen qeyd edib ki, 8 illik maliyyə böhranının nəticəsi olaraq, işçilərin əməkhaqlarının həcmi ÜDM-ə nisbətdə tarixdə ən aşağı səviyyəyə, şirkətlərin vergilərə qədər gəlirləri isə ÜDM-ə nisbətdə rekord həddə çatıb: "Həmçinin, tarixdə ən aşağı xərclər və məhsuldarlıq qeydə alınıb. Bu, xoşagəlməz üçlük kənar solçular və kənar sağçılar partiyalarının fəallığının artmasını izah edir, çünki onların platformaları hazırkı siyasi elitanın qərarlarından xeyli fərqlidir. Seçicilər üçün xaos dəyişməyən vəziyyətdən daha cəlbedici görsənir. Bu yeni paradiqmanı “ictimai müqavilənin pozulması” adlandırırıq”.

    "Saxo Bank" 2016-ci ilin II rübündə ictimai müqavilənin pozulması nəticəsində ən böyük zərbənin funta dəyəcəyini proqnozlaşdırır: "Çünki Böyük Britaniya Avropa İttifaqından çıxmasına dair səsverməyə hazırlaşır. Praktiki olaraq bu hadisənin təsirini müəyyən etmək qeyri-mümkündür, lakin birbaşa valyutaya təsir edəcəyi və funtun məzənnəsinin dəyişkən olacağı aydındır".

    Proqnozda qeyd olunur ki, sorğular D.Trampın ABŞ prezidenti olması mümkünlüyünü göstərdiyi təqdirdə və ümumiyyətlə, seçkilər yaxınlaşdıqca ABŞ dollarının zəifləmə riski böyüyür, çünki adıçəkilən namizəd qeyri-müəyyənliyin rəmzidir. Bu səbəbdən qeyri-sabitlik yeganə zəmanətdir: "Daha sonra ictimai müqavilənin Yaponiyada pozulma ehtimalı yaranır. Yaponiya Bankının rəhbəri Haruhiko Kuroda asanlıqla 2%-lik inflyasiya məqsədinə çatacaq, lakin reallıqda bu göstərici -2% və ya daha aşağı ola bilər".

    Proqnoza əsasən, Avropanın təxirəsalınmaz həllər tələb edən mühüm problemləri yenidən istiqraz bazarını qorxuda bilər, çünki “Brexit” qorxuları və Avropanın periferiyasında hakimiyyətə qarşı hərəkatlar bazarı çalxalaya bilər: "Olduqca aşağı gəlirlik, tənzimləmənin sərtləşdirilməsi, hesabdan silinmiş borcların əmsalının artması və əsasən də az texnologiyalı biznes modellər səbəbindən II rübdə maliyyə kağızlarına ehtiyatla yanaşırıq".

    Proqnoza görə, əmtəə aktivləri bir neçə il ərzində genişmiqyaslı satışdan sonra stabilləşməyə doğru gedir: "Sahədə artım ən çox qızıl və neftdə müşahidə edilir. I rüb ərzində hedc-fondlar tərəfindən qızıl alışı dayanmadan həyata keçirilib və hedc-fondlar 13 aya rekord qısamüddətli vəziyyətdən nəhəng uzunmüddətli vəziyyətə doğru inkişaf edib. Hadisələrin yüksək dinamikası qızılın bir unsiyasının qiymətinin 1 310 ABŞ dollarına çatmasına gətirəcək, lakin bu rəqəmi ötmək mümkün olmayacaq".

    Bankın ekspertlərinin fikrincə, ilk rüb başa çatıb və “Brent” markalı neftin qiymətinin 12 illik minimuma çatması ilə əlaqədər yanvardakı pessimist əhval-ruhiyyə də geridə qalıb. Neftin qiyməti üzrə proqnoz keçən rüblə eyni qalıb – 35-40 dollar/barel, lakin artıq neftin qiymətinin düşməsinə səbəb ola biləcək əhəmiyyətli risk yoxdur.

    Proqnozda bildirilir ki, makroiqtisadi cəhətdən II rübdə bir neçə təhlükəli hadisə gözlənilir: "Açıq Bazarlar üzrə Federal Komitənin (FOMC) iyunun 15-də keçiriləcək iclası, Britaniyanın Avropa İttifaqından çıxmasına dair iyunun 23-də keçiriləcək referendum və İspaniyada yeni ümumi seçkilər mühüm əhəmiyyət kəsb edir.

    “Saxo Bank”ın analitikləri tərəfindən 2016-cı ilin II rübünə dair proqnozlar çərçivəsində hazırlanmış ticarət strategiyalarının tam siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümküdür: http://ru.saxobank.com/campaigns/essential-trades/2016-q2.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi