Yuxarı

​"Saxo Bank": FES-in uçot dərəcəsini artırması inkişafda olan ölkələrə mənfi təsir edəcək

Ekspert: Azərbaycan iqtisadiyyatı və bazar iştirakçıları mümkün təsirlərə hazır olmalıdır

Bakı. 16 iyul. REPORT.AZ/ “Maliyyə bazarlarında Federal Ehtiyat Sisteminin (FES) hazırkı fəaliyyətinə reaksiya olaraq marjinal kapital xərclərinin artması müşahidə olunacaq ki, bu da 2015-ci ilin ikinci yarısında konsensus nəticəsində gözlənilən iqtisadi artımın sürətlənməsini “beşikdəcə boğacaq”. "Report" xəbər verir ki, bunu FES-in uçot dərəcəsini artırmasını qaldırması ilə bağlı yayılan məlumatları şərh edən “Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen deyib.

S.Yakobsen 2015-ci il ərzində faiz dərəcələrinin iki dəfə artacağının mümkünlüyünü düşünmür. O, FES-in “minimal ödəniş” yanaşmasını sentyabrda “bir dəfə ilə bitirmək” formasında həyata keçirəcəyini gözləyir.

Bankın açıqlamasına görə, uçot faiz dərəcələrinin birdəfəlik yüksəlişi halında Azərbaycan üçün daha önəmli məqam belə bir vəziyyətdə əmtəələrin, o cümlədən qızıl və gümüşün aktiv növü kimi daha səmərəli nəticələr verəcəyi gözləntiləridir. "Saxo Bank" hesab edir ki, son zamanlar neft bazarında qiymətlər müəyyən diapazonda qərarlaşıb və bu tendensiyanın növbəti rüblərdə də davamlı olacağı proqnozlaşdırılır: "OPEC növbəti aylarda və gələcək ildə ABŞ-ın hasilatının aşağı düşəcəyi və dünya bazarlarında tələbin dayanıqlı artımı fonunda yekunda qiymət yüksəlişinin baş verəcəyinə ümid edir. Ancaq bu ehtimalların doğrulacağı hələ də sual altındadır".

“Saxo Bank”ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansenin yaydığı açıqlamada "ABŞ dollarının möhkəmlənməsi neft qiymətlərinin bərpasına təsir edəcək. Çünki ABŞ-dan başqa digər neft idxalçılarının ödəyəcəyi məbləğ neftin qiyməti dəyişmədən belə əhəmiyyətli dərəcədə artacaq" deyilir.

"2015-ci ilin sonunadək ABŞ-ın uçot dərəcəsində iki dəfə artımın olması dolların yüksəlməsi üçün potensial şərait yaradacaq ki, bu da neft qiymətlərinə mənfi təsir göstərəcək. Dollarla qiymətləndirilən əmtəələr ABŞ valyutasının qiymət dəyişməsi ilə tərs mütənasibdir. Digər tərəfdən, uçot dərəcəsinin artması artıq inkişafı bərpa edən ABŞ iqtisadiyyatının əlamətləri kimi qəbul olunacaq. Nəticə etibarilə son bir neçə ayda müşahidə etdiyimiz yanacaq istehsalı üçün neftə olan tələbin artımı prosesi təkrarlanacaq", - açıqlamada qeyd edilir.

"Saxo Bank" rəsmisi uçot dərəcəsinin artmasının ABŞ-a və neft qiymətlərinə təsirini bir neçə nəzəriyyə ilə əsaslandırıb: "Bazis nəzəriyyələrindən birinə əsasən, artan və ya yüksək faiz dərəcələri dolların digər ölkə valyutaları ilə nisbətdə möhkəmlənməsinə kömək edir ki, bu da ABŞ-ın neft şirkətlərinin hər xərclənən dollara görə daha çox neft almasına imkan yaradır. Digər fərziyyələr iddia edir ki, artan uçot faiz dərəcələri istehsal və istehlak xərclərini yüksəldir. Bu prosesin nəticəsi olaraq resurslara qənaət məqsədilə insanlar avtomobildən daha az istifadə etməyə başlayırlar. Yanacağa tələbin azalması isə neftin ucuzlaşmasına gətirib çıxarır".

"Neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın FES-in qərarının doğuracağı risklərdən öncədən sığortalanmaq və ya mümkün zərəri azaltmaq üçün görəcəyi hər hansı bir tədbir yoxdur. Çünki hasilat həcminin müəyyən edilməsində faiz dərəcələri göstəricisi nəzərə alınmır. Ancaq istənilən halda bazar iştirakçıları qeyri-stabillik şəraitində sayıqlığı itirməməlidirlər", - deyə S.Yakobsen bildirib.

Bankın açıqlamasında FES-in faiz dərəcəsinin artırılması ilə bağlı qərarının İnkişafda Olan Ölkələrə (İOÖ) mənfi təsir edəcəyi deyilir: "Bir müddət öncə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ABŞ iqtisadiyyatının qeyri-bərabər sürətlə bərpası fonunda monetar siyasətin vaxtından öncə sərtləşdirilməsinin İOÖ üçün təhlükəli olduğunu əsas gətirərək FES-ə faiz dərəcəsinin artımı ilə bağlı məsələni gələn ilədək təxirə salmağı tövsiyə edib. Maliyyə institutları vurğulayırlar ki, FES-in vaxtsız qərarı nəticəsində dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatını zəiflədə, həmçinin İOÖ-yə zərbə ola bilər. Qərar qəbulu prosesində Yunanıstan və dolların digər valyutalarla nisbətdə dəyəri kimi xarici amillər rol oynasa da, ABŞ üçün həlledici amil ölkə iqtisadiyyatının mövcud vəziyyəti olacaq. Burada da başlıca göstəricilər əmək bazarının durumu və inflyasiya ilə bağlı məlumatlardır".

"Uçot dərəcəsinin artımı tədiyyə balansında əhəmiyyətli kəsirə malik ölkələrin iqtisadiyyatına zərbə vuracaq. Ümumilikdə, cari əməliyyatlar hesabında böyük kəsiri olan İOÖ iqtisadiyyatı FES-in qərarı nəticəsində mənfi təsirlə üzləşəcək. Qeyd edək ki, 2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar hesabında 9,1 mlrd. dollar məbləğində profisit yaranıb ki, bu da ölkənin qeyd olunan riskdən sığortalandığını bildirir. Bununla belə, ölkə iqtisadiyyatı və bazar iştirakçıları mümkün təsirlərə hazır olmalıdır", - deyə "Saxo Bank" eksperti vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi