"Saxo Bank": Dolların yüksəlməsi proqnozu təsdiqlənir

"Saxo Bank": Dolların yüksəlməsi proqnozu təsdiqlənir FES-in faizləri artırması investorlara geniş imkanlar yaradacaq
Maliyyə
19 Yanvar , 2016 17:38
Saxo Bank: Dolların yüksəlməsi proqnozu təsdiqlənir

Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ-ın faiz dərəcələrini yüksəltməsi və yeni dövrdə kapitalın dəyərinin artması ilə yeni imkanlar yaranacaq. Bunu Danimarkanın onlayn investisiya bankı olan "Saxo Bank" bəyan edib. "Report" "Saxo Bank"ın açıqladığı "Rüblük makroiqtisadi proqnoz və 2016-cı il üçün əsas ticarət strategiyaları" üzrə hesabatına əsasən bildirir ki, 2015-ci ilin dekabr ayında ABŞ Federal Ehtiyat Sisteminin (FES) son 9 ildə ilk dəfə faiz dərəcələrini artırmaqla bağlı qərar qəbul etməsi dünya paradiqmasında dəyişikliklərə səbəb olub.

"Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen bildirib ki, cari ildə birinci rüb çətin, qarışıq və yüksək dəyişkənlik şəraitində keçəcək. Lakin ümumi mənzərədə o, kapitalın marjinal modelinə keçid dövrü olduğunu diqqətə çatdıraraq, bunu müsbət hal kimi qiymətləndirib. O bildirib ki, FES-in faiz dərəcələrini artırması dirçəlmə əlamətidir və investorlar üçün geniş imkanlar təklif edir.

"Saxo Bank" əmtəələr üzrə proqnozunda I rübdə neft üçün ən pis dövr ola biləcəyini qeyd edib. Sanksiyaların ləğv edilməsi ilə İranda gündəlik neft hasilatı qısa müddətdə 500 min barel arta bilər, ABŞ-da isə ənənəvi olaraq ilin ilk 4 ayı neft ehtiyatları artdığından neft qiymətləri üzərində təzyiq proqnozlaşdırılır.

"Valyuta bazarında FES qlobal maliyyə böhranından etibarən dünya mərkəzi bankları arasında ilk olaraq ultra-yumşaldılma siyasətindən uzaqlaşır ki, bu da dolların yüksəlməsi proqnozunu təsdiqləyir", - deyə "Saxo Bank"ın hesabatında qeyd olunub.

Fond bazarlarına toxunan "Saxo Bank" rəsmisi əlavə edib ki, fond bazarları dağ-mədən sənayesi seqmentində kredit problemlərindən sığortalana bilsə, 2016-cı ildə müsbət tendensiya göstərə bilər və bunu yüksək ehtimal olaraq qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi