Yuxarı

​"Saxo Bank": Azərbaycanın AİİB-ə üzv olması vacib addımdır

Stin Yakobsen: Azərbaycan infrastruktur layihələri üçün yeni kredit resursları əldə edəcək

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın Çin Xalq Respublikasının təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankına (AİİB) üzv olması vacib addımdır. "Report"un məlumatına görə, bunu "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen bildirib.

Sözügedən prosesi müsbət qiymətləndirən S.Yakobsen qeyd edib ki, iqtisadi, coğrafi və inkişaf baxımından Azərbaycanın AİİB-ə qoşulması vacib bir addımdır: "AİİB Çindən başlayacaq Yeni İpək Yolu strategiyasının müjdəçisidir. Çinin şərqindən İtaliyanın qərb hissəsinə qədər Avrasiyanı, həmçinin Afrikanın cənubunu əhatə edəcək. Çinin təklif etdiyi kredit, investisiya yatırımları və qarşılıqlı ticarət münasibətlərini planlaşdıran layihəni bir növ Çinin Avrasiya üçün nəzərdə tutulmuş "Marşal planı" da adlandırmaq olar. AİİB Çinin 14 mlrd. dollar həcmində ehtiyatı sayəsində maliyyələşdiriləcək. Təşkilatın il ərzində 1 trln. dollarlıq investisiya və dövriyyəsi olacağı gözlənilir".

S.Yakobsen əlavə edib ki, AİİB böyük perspektivə malik olan bir təşkilatdır və belə bir beynəlxalq maliyyə institutunun təsisçi-üzvü olaraq Azərbaycan regionla bağlı mühüm qərarların qəbul ediləcəyi masa arxasında yer alaraq prosesin iştirakçısına çevriləcək.

"Asiya İnfrastruktur İnkişaf Bankına üzv olmaqla Azərbaycan Yeni İpək Yolunda iştirak etmək, infrastruktur layihələri üçün yeni kredit resursları və ticarət dövriyyəsinin artırılması imkanları əldə edəcək", - deyə "Saxo Bank"ın nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, ötən həftə Azərbaycan AİİB-nin gələcək təsisçi-üzvü kimi təsdiqlənib. Bu ilin aprelin 27-də Pekində (Çin) keçiriləcək bankın təsis müzakirələrində Azərbaycan hökuməti də iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi