​Saxo Bank: Azərbaycandan olan investorların sayı 30% artıb

​Saxo Bank: Azərbaycandan olan investorların sayı 30% artıb Azərbaycandan olan investorların potensial maliyyə investisiya kapitalı 100 000 avrodan başlayır və 500 000 avro və daha yüksək məbləğədək çatır
Maliyyə
18 İyul , 2016 12:00
​Saxo Bank: Azərbaycandan olan investorların sayı 30% artıb

Bakı. 18 iyul. REPORT.AZ/ Onlayn multi-aktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" Azərbaycandan olan investorlar barədə statistik göstəriciləri dərc edib.

"Report"un bankın məlumatına əsasən verdiyi xəbərə görə, son 2 il ərzində “Trading Floor.com” sosial ticarət portalında Azərbaycandan olan investorların sayı 30% artıb. Azərbaycandan olan investorların əksəriyyəti 30-40 və daha yuxarı yaş qrupuna aiddir və bank, maliyyə, neft-qaz və digər biznes obyektlərinin ölkə paytaxtında olduğundan investorların əksər hissəsi Bakıda yaşayır. “Saxo Bank”ın Azərbaycandakı müştəriləri biznesmen, icraçı və maliyyə direktorları, fərdi investorlar, menecerlər, investisiya şirkətləri, bank işçiləri və yüksək gəlirli şəxslərdir. Müştərilərin demək olar hamısı kişilərdir. Sözügedən müştərilər kapitallarının bir hissəsini maliyyə bazarlarına yatıraraq gəlir mənbələrini diversifikasiya etməyə çalışırlar.

Ümumilikdə, Azərbaycandan olan investorların sayı orta hesabla ildə 15% artır. Bura həm fərdi, həm korporativ, həm də neft şirkətlərində çalışan xarici investorlar daxildir.

Azərbaycandan olan investorların potensial maliyyə investisiya kapitalı 100 000 avrodan başlayır və 500 000 avro və daha yüksək məbləğədək çatır. “Saxo Bank”ın gənc investorlar arasında da geniş müştəri kütləsi var. Onlar əsasən maliyyə fakültələrinin məzunlarıdır və 10 min avroluq klassik hesab ilə platformanın ticarət əməliyyatlarında iştirak edirlər.

“Saxo Bank”ın məlumatına əsasən, Azərbaycan treyderləri zəngin biliyə malikdirlər və maliyyə bazarları haqda hərtərəfli məlumatlıdırlar. İnvestorların əksər hissəsi MT4 ticarət platforması vasitəsi ilə “Forex”də geniş təcrübə keçiblər. Son 5 il ərzində “Saxo Bank” müştərilərinin böyük hissəsi bir neçə məhsul ilə ticarətə üstünlük verməyə başlayıb. Multifunksional “SaxoTraderGo” platforması bu sahədə müştərilərin tələbatını tamödəyir.

Valyuta ticarəti sahəsində Azərbaycandan olan investorlar əsasən EUR/USD, GBP/USD, XAU/USD valyuta cütlüklərinə üstünlük verirlər. CFD indeksləri, xüsusən də DAX indeksi, azərbaycanlı investorlar arasında xeyli populyardır. Azərbaycan bazarının neftdən asılılığı və neft qiymətlərinin son zamanlarda yüksək dəyişkənliyi ilə əlaqədar olaraq azərbaycanlı investorlar, əsasən də neft şirkətləri, hedcinq məqsədi ilə neft CFD-lər və fyuçerslərlə fəal ticarət aparır.

“Saxo Bank”ın məlumatına əsasən, investorların 60%-i məzənnə fərqində ticarət əməliyyatları həyata keçirərək və tez mənfəət əldə etməyə çalışaraq risk etməyə üstünlük verir. Lakin investorların qalan hissəsi ABŞ birjalarında səhm və fondlarla ticarət edir.

“Son 2 il ərzində“Trading Floor.com” sosial ticarət portalında Azərbaycandan olan investorların sayı 30% artıb. Treyderlərin bir hissəsi “Saxo Bank” analitikləri ilə müzakirələrdə fəal şəkildə iştirak edir və öz ticarət hesabını açıq saxlayır. Bundan başqa, Azərbaycandan olan investorlar treydinqin əsaslarını dərindən öyrənmək və virtual fondlar sahəsində təcrübələrini artırmaq üçün pulsuz demo-hesablarda qeydiyyatdan keçir”, - deyə “Saxo Bank”ın məlumatında qeyd olunub.

“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. 

Son xəbərlər

Orphus sistemi