Satınalmalar zamanı güzəştlərin həcmi və tətbiqi qaydasına dəyişikliklər edilib

Satınalmalar zamanı güzəştlərin həcmi və tətbiqi qaydasına dəyişikliklər edilib Nazirlər Kabineti bu barədə qərar qəbul edib
Maliyyə
30 İyul , 2016 01:03
Satınalmalar zamanı güzəştlərin həcmi və tətbiqi qaydasına dəyişikliklər edilib

Bakı. 30 iyul. REPORT.AZ/ Nazirlər Kabineti “Güzəştlərin həcmi və tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə qərarı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərarda aşağıdakı dəyişikliklər edilib:

1. Adından “həcmi və” sözləri çıxarılsın.

2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. “Güzəştlərin tətbiqi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Güzəştlərin tətbiqi QAYDASI

Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət satınalmaları zamanı satınalan təşkilatın yerli malgöndərənlər (podratçılar) üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.9-cu və 44.2-ci maddələrinə əsasən güzəştli düzəlişin tətbiqi qaydasını müəyyən edir.

Satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, tenderin əsas şərtlər toplusunda (təkliflər sorğusunda) müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edir.

Yerli malların (işlərin və xidmətlərin) xeyrinə tətbiq olunan güzəştli düzəlişin həcmi xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif olunan qiymətinin (malların idxalı ilə bağlı bütün gömrük ödənişləri, nəqliyyat və sığorta xərcləri, işlərə və xidmətlərə münasibətdə isə vergilər və qanunla müəyyən olunan digər xərclər nəzərə alınmaqla) 20 faizi həcmində qəbul edilir və həmin məbləğ xaricdən idxal olunan malların (işlərin və xidmətlərin) qiymətinin üzərinə əlavə olunur.

Malların yerli olması malın mənşə ölkəsinin müəyyən edilməsi qaydalarına uyğun olaraq, tenderdə iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin müraciətinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən verilən mənşə sənədi əsasında müəyyən edilir.

Dövlət satınalmalarında iştirak etmək istəyən yerli malgöndərən satınalan təşkilata təqdim etdiyi tender təklifinə malının yerli olmasını təsdiq edən bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan mənşə sənədini əlavə edir.

Aşağıdakı şərtlər birgə mövcud olduğu halda işlər yerli hesab olunur:

6.1. işlərin yerinə yetirilməsində ən azı 80 faiz yerli mallardan istifadə olunması nəzərdə tutulduqda;

6.2. işlər üzrə nəzərdə tutulan əməkhaqqı fondunun ən azı 80 faizinin Azərbaycan Respublikasının vətəndaşlarına ödənilməsi nəzərdə tutulduqda.

Xidmətlər üzrə nəzərdə tutulan əməkhaqqı fondunun ən azı 80 faizinin Azərbaycan Respublikasının vətəndaşlarına ödənilməsi nəzərdə tutulduqda, xidmətlər yerli hesab olunur.

Dövlət satınalmalarında iştirak etmək istəyən yerli iş və xidmət təklif edən iddiaçı satınalan təşkilata təqdim etdiyi tender təklifinə işin və xidmətin yerli olmasını təsdiq edən aşağıdakı sənədləri əlavə edir:

8.1. işlərə münasibətdə istifadə olunacaq yerli malların mənşəyini təsdiq edən bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan mənşə sənədi;

8.2. işlərə və xidmətlərə münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;

8.3. işlərə münasibətdə bu Qaydanın 8.1-ci və 8.2-ci bəndlərində, xidmətlərə münasibətdə isə bu Qaydanın 8.2-ci bəndində nəzərdə tutulan halların müəyyən edilməsi üçün hesabat-kalkulyasiya sənədi.

Satınalan təşkilatda yaradılan tender komissiyası tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, mallara münasibətdə bu Qaydanın 4-cü hissəsində, işlərə və xidmətlərə münasibətdə isə bu Qaydanın 8-ci hissəsində nəzərdə tutulan sənədlərə və tender təklifinə (xidmət təklifinə) əlavə olunan sənədlərə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı və 44-cü maddələrinə uyğun olaraq baxır, imtina üçün əsaslar olmadıqda, güzəştli düzəlişi tətbiq edir və bu barədə tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunda qeydlər aparır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə uyğun olaraq, güzəştli düzəliş satınalma prosedurları haqqında hesabatda əks etdirilir.

Güzəştli düzəlişin tətbiqindən aşağıdakı hallarda imtina edilir:

10.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, güzəştli düzəlişin tətbiqi üçün təqdim olunan sənədlərdə aradan qaldırılması mümkün olmayan çatışmazlıqlar olduqda;

10.2. mallar (işlər və xidmətlər) yerli olmadıqda.

Güzəştli düzəlişin tətbiqindən imtina edilməsi barədə tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunda əsaslandırılmaqla qeydlər aparılır.

Güzəştli düzəlişin tətbiqindən imtina edilməsi ilə əlaqədar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şikayət edilə bilər.

Son xəbərlər

Orphus sistemi