Şahin Mustafayev: "Azərbaycan və EBRD arasında əməkdaşlıq yüksək səviyyədədir"

Şahin Mustafayev: "Azərbaycan və EBRD arasında əməkdaşlıq yüksək səviyyədədir" Görüşdə əlaqələrin daha da dərinləşdirilməsinə dair müzakirələr aparılıb
Maliyyə
7 Sentyabr , 2017 18:25
Şahin Mustafayev: Azərbaycan və EBRD arasında əməkdaşlıq yüksək səviyyədədir
İqtisadiyyat Nazirliyi

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan iqtisadiyyat naziri, EBRD-də Azərbaycandan müdir Şahin Mustafayev ilə görüşüb. 

Nazirliyin Mətbuat xidmətindən “Report”a verilən məlumatda deyilir ki, görüşdə Azərbaycanla EBRD arasında əməkdaşlıq, EBRD-nin maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən mövcud və prioritet layihələr, eləcə də əlaqələrin daha da dərinləşdirilməsinə dair müzakirələr aparılıb.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və EBRD arasında əməkdaşlıq yüksək səviyyədədir: “Ölkəmiz Bankla əlaqələrin inkişafına önəm verir və Suma Çakrabartinin ölkəmizə səfərləri Bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisidir. Beynəlxalq maliyyə institutları, o cümlədən EBRD ilə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Nazir EBRD-nin Azərbaycanda infrastruktur, enerji, su təchizatı, nəqliyyat sahələrində müxtəlif layihələri maliyyələşdirdiyini, banklara kredit xətti açdığını, özəl şirkətlərə birbaşa kredit ayırdığını qeyd edib. Görüşdə EBRD-nin Azərbaycanda özəl sektorda 151 layihənin maliyyələşdirilməsinə 1,7 mlrd. ABŞ dolları məbləğində kredit ayırdığı və bunun əhəmiyyəti vurğulanıb.

S.Çakrabarti Azərbaycanla EBRD arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə Cənub Qaz Dəhlizinə EBRD-nin maliyyə dəstəyi, nəqliyyat infrastukturu, məişət tullantılarının idarə olunması və özəl sektora dəstək layihələri müzakirə olunub, EBRD-nin Azərbaycanda kredit portfeli təhlil edilib.

Son xəbərlər

Orphus sistemi