Yuxarı

"Şahdəniz-2" layihəsi üçün aylıq 7,2 min dollar maaşla işçi axtarılır - YENİLƏNİB

Seçilmiş namizədin avqustun 15-də işə başlayacağı gözlənilir

Bakı. 25 iyul. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) “Şahdəniz-2” İnvestisiya Planı çərçivəsində iqtisadiyyat və maliyyə mütəxəssisi axtarır. “Report”un məlumatına görə, 5 ay müddətində işləyəcək mütəxəssis ümumilikdə 36 min ABŞ dolları əmək haqqı alacaq.

Beynəlxalq kadrlar üçün elan edilmiş iş elanı üçün sənəd qəbulu 29 iyulda bitəcək və namizədlərin qısa siyahısı avqustun 3-də elan ediləcək.

Seçilmiş namizədin avqustun 15-də işə başlayacağı gözlənilir.

Qeyd edək ki, Asiya İnkişaf Bankının (ADB) Cənub Qaz Dəhlizi (SGC), o cümlədən "Şahdəniz-2" layihələri çərçivəsində çoxtranşlı maliyyələşmə (MFF) üçün 1,505 mlrd. ABŞ dolları həcmində vəsaitin ayrılması məsələsinə baxılacağını bəyan edib. Layihəyə əsasən, dövlətin 16,67%-lik iştirak payının maliyyələşdirilməsi üçün kommersiya banklarına dəstək məqsədilə qismən kredit zəmanətinin verilməsi nəzərdə tutulur. Eyni zamanda bildirilir ki, proqram hələ təqdim olunmayıb.

Xatırladaq ki, Bankın Direktorlar Şurasının məsələyə avqustun 22-də baxacağı planlaşdırılsa da, sonradan həmin vaxt sentyabrın 27-nə dəyişdirilib.

***

“ADB-nin elan etdiyi vakansiya üzrə saytda verilmiş məlumatda bəzi yanlışlıqlar var. Belə ki, sənəd qəbulu üçün məsul şəxs “Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev deyil, ADB-nin enerji üzrə mütəxəssisi Meqan Volf (Megan Wolf) müəyyən edilib və əlaqə üçün mwolf@adb.org ünvanı göstərilib". Bu barədə “Report”a SGC-dən bildiriblər.

Qurumun açıqlamasında deyilir ki, vakant vəzifə üzrə namizədlər tərəfindən sənədlərin Bakı şəhəri Nizami küçəsi,1/3 ünvanındakı “Sapphire Plaza”da yerləşən “Cənub Qaz Dəhlizi” QSC-yə təqdim edilməsi nəzərdə tutulmayıb: “Bununla yanaşı qeyd etmək lazımdır ki, vakant vəzifə üzrə namizədlərin seçilməsində QSC-nin iştirakı nəzərdə tutulmayıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi