​S.Qasımov: "SOCAR böyük layihələrin maliyyələşdirməsini dayandırmır"

​S.Qasımov: "SOCAR böyük layihələrin maliyyələşdirməsini dayandırmır" Dünya bazarında neftin ucuzlaşması SOCAR-a ciddi təsir etməyib
Maliyyə
15 Aprel , 2015 17:59
​S.Qasımov: SOCAR böyük layihələrin maliyyələşdirməsini dayandırmır

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazarda kapital qoyuluşunun həcmi 1 mlrd. manat civarında olacaq.

"Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Xəzər Avropa Klubunun üzvləri ilə keçirdiyi görüşdə bildirib: "Kapital qoyuluşu dedikdə adətən SOCAR-ın daxili layihələrdə neft-qaz quyularının qazılması, platformaların inşası, neft-qaz xətlərinin çəkilməsi nəzərdə tutulur. Bu rəqəm hər il 1 mlrd. manat civarında olan maliyyələşmədir. Neft-qaz hasilatının stabil saxlanması üçün bu işləri həyata keçirəcəyik".

Bununla yanaşı, S.Qasımov qeyd edib ki, SOCAR iştirak etdiyi iri layihələrin maliyyələşdirilməsini dayandırmayıb: "SOCAR avrobond buraxılışının III hissəsini həyata keçirib. Bu, şirkət tarixində ilk dəfə olaraq 15 il müddətinə buraxılmış avrobondlardır. 750 mln. dollarlıq məbləğin 500 mln. dolları Türkiyədə "Star" layihəsinin maliyyələşməsinə yönəldilib. Bu da onu göstərir ki, SOCAR böyük layihələrin maliyyələşdirməsini dayandırmır".

SOCAR rəsmisinin sözlərinə görə, qalan 250 mln. dollar isə 2017-ci ildə qaytarılmalı olan ilk 5 illik bondların ödənilməsinə sərf olunacaq: "Hazırda həmin vəsaiti Azərbaycan Beynəlxalq Bankında depozit hesabında saxlayırıq".

S.Qasımov əlavə edib ki, TANAP layihəsinin maliyyələşməsində də heç bir gecikmə yoxdur: "Digər ölkələrdəki xırda layihələrin maliyyələşməsi üçün isə böyük məbləğ tələb olunmur. Bizim zaman-zaman onların maliyyələşdirməsini də həyata keçirmək imkanımız olacaq".

Vitse-prezident bildirib ki, dünya bazarında neftin qiymətinin düşməsinin SOCAR-ın gəlirlərinə təsiri olsa da, bu təsir o qədər də böyük deyil: "SOCAR əsasən daxili bazarın neft məhsullarına olan tələbatını təmin etmək funksiyasını həyata keçirir. Daxili bazarda da neft məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir və bu qiymətlər SOCAR-ın qarşıya qoyduğu proqramların maliyyələşməsinə təbii ki, tam olmasa da, cavab verir".

Son xəbərlər

Orphus sistemi