Yuxarı

"​S&P": Çin valyutasını kəskin devalvasiya gözləyir

Bu, əksər dünya valyutalarının əhəmiyyətli şəkildə zəifləməsinə səbəb olacaq

Bakı. 5 may. REPORT.AZ/ "Standard&Poor's" beynəlxalq reytinq agentliyinin keçirdiyi stress-testin nəticələri Çin iqtisadiyyatının yavaşlayacağı təqdirdə, neft qiymətlərinin kəskin azalacağını göstərir. "Report" xəbər verir ki, bu zaman daha çox neqativ təsirə məruz qalacaq ölkələr Rusiya, Avstraliya və Braziliya olacaq. Ümumiyyətlə, xammal ixrac edən ölkələrin yarısının reytinqinin azalacağı proqnozlaşdırılır.

Stress-testin nəticələrinə əsasən, Çin iqtisadiyyatının yavaşlaması bu ölkəyə investisiya qoyuluşunu kəskin azaldacağından, 2017-2020-ci illərdə iqtisadi artım orta hesabla 3,4%-ə qədər geriləyəcək. Bu da Çinin 2016-cı ilin ilk rübündə göstərdiyi iqtisadi artım tempindən (6,9%) təxminən iki dəfə azdır. Çin iqtisadiyyatının zəifləməsi isə öz növbəsində 2017-2020-ci illərdə "Brent" markalı neftin qiymətinin orta hesabla 30 dollar/barelə qədər ucuzlaşmasına səbəb olacaq. 2017-ci ildə isə ümumiyyətlə, "Brent" markalı neftin 20 dollar/barel səviyyəsində olacağı ehtimal edilir. Çində iqtisadi artımın yarıbayarı azalmasının yuanın da 25% devalvasiyasına səbəb olacağı proqnozlaşdırılır. Qeyd edək ki, hazırda dolların məzənnəsi 6,50 CNY/USD səviyyəsində olsa da, "S&P"nin stress-testi məzənnənin 8,12 CNY/USD-yə qədər yüksələcəyini göstərir.

Belə bir ssenari həyata keçərsə, ən çox xammal ixrac edən ölkələrin suveren reytinqlərinin mənfi təsirə məruz qalacağı bildirilir. İlk növbədə Rusiya, Avstraliya və Braziliyanın suveren kredit reytinqlərinin azaldılması gözlənilir. Bu ölkələrin reytinqlərinin minimum bir pillə azaldılması mümkündür. Qeyd edək ki, hazırda bu ölkələrin suveren reytinqləri ən neqativ səviyyə olan "BB+", proqnozları isə "neqativ"dir. Stress-testin nəticələrinə görə, kredit reytinqlərinin aid olduqları region və xammaldan asılı olaraq 16-50% ölkələrdə aşağı salınması gözlənilir. Ən yüksək risk Asiya-Sakit okean regionunda yerləşən korporativ emitentlərə aid olacaq. Şimali Amerikanın maliyyə və sığorta sektorları isə bu prosesdən heç bir zərər görməyəcək.

Qeyd edək ki, martda "S&P" agentliyi Çinin suveren kredit reytinqini "AA-" səviyyəsində təsdiq etsə də, proqnozu "neqativ"ə salıb. Bu da Çində iqtisadi canlanma olmayacağı təqdirdə, kredit reytinqinin qısa zamanda azaldılması ilə nəticələnə bilər.

"Report"un analitik qrupu hesab edir ki, hazırda qlobal iqtisadiyyatın qarşılaşdığı ən riskli amil məhz Çin iqtisadiyyatının yavaşlaması və yuanın devalvasiyası ilə bağlıdır. Yuan stress-testdə ehtimal edildiyi kimi, 25% devalvasiyaya uğrayarsa, dünyanın demək olar ki, əksər valyutaları kəskin zəifləmə göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi