​"S&P" agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqini bərpa edib

​"S&P" agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqini bərpa edib "Standard & Poor's" agentliyi yenidən şirkət üzrə monitorinqə başlayıb
Maliyyə
13 Noyabr , 2015 10:49
​S&P agentliyi Azərbaycan Dəmir Yolları QSC-nin reytinqini bərpa edib

Bakı. 13 noyabr. REPORT.AZ/ "Standard & Poor's" reytinq agentliyi "Azərbaycan Dəmir Yolları"(ADY) QSC-nin kredit reytinqini bərpa edib. "Report"un "Standard & Poor's"a istinadən verdiyi xəbərə görə, Agentlik 31 iyul 2015-ci ildə "Azərbaycan Dəmir Yolları"dan lazımi maliyyə məlumatlarını əldə edə bilmədiyindən, reytinq üzrə monitorinqi dayandırmışdır. Bu dövrə qədər şirkətin uzunmüddətli korporativ reytinqi "BB+" və proqnozu "neqativ" olub.

Reytinq, noyabrın 10-dan etibarən "Azərbaycan Dəmir Yolları"nın yenidən Agentliyə maliyyə hesabatlarını göndərməsindən sonra bərpa olunub. Şirkətin reytinqinin səviyyəsi əsasən aşağıdakı amillərdən asılı olub:

1) "Azərbaycan Dəmir Yolları" QSC-nin inhisarçı olması və Azərbaycan hökumətinin dəmir yollarının menecmentində fəal iştirakı; ADY-nin Azərbaycanın prioritet infrastruktur layihələrindəki önəmli rolu;

2) Azərbaycan hökumətinin ADY-də 100% paya sahib olması və bununla da lazımi dəstəyin verilməsi; ADY-nin yaxın zamanda özəlləşdirilməyəcəyi.

"Standard & Poor's" ADY-nin müstəqil kredit profilini "bb-" kimi təsdiqləyib. İyulun 31-i tarixində bu reytinq bir pillə artıq olub. Azalmanın səbəbi kimi ADY-nin əməliyyat gəlirlərinin borclarda xüsusi çəkisinin 45%-dən aşağı düşəcəyi ehtimalı ilə bağlıdır. Əməliyyat gəlirlərinin faiz ödənişlərinə nisbətinin isə 2015-ci ilin sonuna 9-dan aşağı olacağı proqnozlaşdırılır. Agentlik maliyyə göstəricilərinin azalmasına səbəb kimi iş həcminin azalması və manatın zəifləməsini əsas göstərib.

Qeyd olunur ki, manatın fevraldakı devalvasiyası şirkətin dollarla olan kreditlərinin manat ekvivalentində həcmini artırıb. Bundan əlavə, ADY-nin nəqliyyat daşımalarının 2015-ci ilin ilk yarısında 40% azaldığı ehtimal edilib. Bu da şirkətin vergi ödənişləri və mənfəətinə ciddi təsir edib.

Agentlik nəqliyyat tariflərinin tənzimlənəcəyinə inandığını bildirərək qeyd edib ki, yaxın 12 ayda daşımaların həcminin azalması təhlükəsi və manatın yenidən korreksiyası xüsusi risklər yaradır. Belə bir vəziyyətdə ADY-nin borclarını vaxtı-vaxtında ödəməsi üçün Azərbaycan hökuməti dəstək verməli olacaq. "Standard & Poor's" ADY-də maliyyə sabitliyi yaranmayacağı və əməliyyat gəlirlərinin borclarda xüsusi çəkisi 30%-dən aşağı düşəcəyi təqdirdə reytinqi azaldacağını bildirib.

Son xəbərlər

Orphus sistemi