​Rusiyanın valyuta əmanətçiləri Belarusa axın edir

​Rusiyanın valyuta əmanətçiləri Belarusa axın edir Rusiyada əmanətlərin 30%-ə qədər hissəsi xarici valyutadadır
Maliyyə
26 Fevral , 2016 18:54
​Rusiyanın valyuta əmanətçiləri Belarusa axın edir

Bakı. 26 fevral. REPORT.AZ/ Rusiya banklarının Belarusdakı törəmə qürumları ölkə vətəndaşlarının valyuta əmanətlərinin bu ölkədə artmağa başladığını qeyd ediblər. Bu barədə "Report" "Kommersant" qəzetinə istinadən xəbər verir. Qəzet bildirib ki, Rusiya vətəndaşlarının Belarus banklarına əmanət yatırmaq istəmələrinin arxasında yüksək faiz və əlverişli sığorta şərtləri durur. Belə ki, Belarusda bank bağlandığı təqdirdə əmanətin faiz və miqdarından asılı olmayaraq, bütün hamısı açıldığı valyutada əmanətçiyə geri ödənir.

Rusiyalı valyuta əmanətçilərinin aktivliyinin kəskin artması barədə Rusiyanın "Alfa-bank"ının Belarusdakı törəməsi "Alfa-bank Belarus"dan xəbər verilib. Bankdan verilən məlumata görə, 2015-ci ilin noyabrından 2016-cı ilin yanvarına qədər rusiyalı müştərilərin əmanətlərindəki artım 17% olub. Amma bu göstərici noyabrdan əvvəlki 9 ayda sadəcə 9% təşkil edib.

Rusiyanın "Qazprombank"ının Belarusdakı törəməsi "Belqazprombank"dan verilən məlumata görə isə son 3 ayda rusiyalıların əmanətləri 30% artıb.

Qeyd edək ki, Belarusda valyuta əmanətləri üzrə yuxarıda sadalanan kredit təşkilatlarında orta fazi dərəcəsi 5% təşkil edir. Onların Rusiyadakı əsas müəssisələrində isə bu göstərici 2,5%-i keçmir. Belarusda sığorta ödənişinə məhdudiyyət olmadığı halda Rusiyada bu 1,4 mln. rubl təşkil edir. Belarusda kompensasiya əmanətin qoyulduğu valyutada ödənilərkən Rusiyada rublda həyata keçirilir.

Ekspertlərin fikrincə Belarus banklarına əmanət qoymaq da risklidir. Belə ki, mövcud qanunvericilik hər an dəyişə, üstəlik, xaricə valyuta çıxarılmasına məhdudiyyət qoyula bilər. Bundan başqa, əlavə nəqliyyat xərcləri ortaya çıxır ki, bu da əmanət hesabının açılması üçün Rusiya vətəndaşının şəxsən Belarusa gəlməsi məcburiyyətindən yaranır.

Rusiya Bankının (Rusiya Mərkəzi Bankı) 2016-cı il yanvarın 1-nə açıqladığı hesabata görə rusiyalıların banklarda 23,3 trln. rubl (307 mlrd. dollar) əmanətləri var ki , bunun da 6,9 trln. rublu (91 mlrd. dollar) və ya 29,6%-i valyuta əmanətidir.

Qeyd edək ki, son zamanlar Azərbaycanda da əmanətlərin sığortalanmasında miqdar və faiz limitinin aradan qaldırılması barədə fikirlər səslənsə də hələ ki, bu barədə qərar qəbul olunmayıb. Hazırda Azərbaycanda əmanətlərin 30 000 manat və 12%-dək hissəsi Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən sığortalanıb. "Report"un analitik qrupu hesab edir ki, əmanətlərin miqdar və faiz limiti məhdudiyyəti olmadan sığortalanmasının mənfi tərəfləri də var. Belə ki, bundan sui-istifadə edən banklar vəsaiti yüksək faizlə topladıqdan sonra onu sata bilmək təhlükəsi ilə üzləşib iflas edə bilər. Əgər belə bir qərar olarsa, banklar nəzarətedici orqanlar tərəfindən ciddi nəzarətə götürülməlidirlər.

Son xəbərlər

Orphus sistemi