Yuxarı

Rusiyalıların "kredit sağlamlığı" rekord həddə düşüb

Ekspertlər hesab edir ki, problemli kreditlər artacaq və bank sektorunun gəlirliyi azalacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiya əhalisinin kredit öhdəliklərinin icra vəziyyəti kəskin pisləşib. Hazırda 60 gün və daha artıq müddətə ödəniş vaxtı keçmiş kreditlərə sahib olanlar cəmi borcalanların 18%-ni təşkil edir. Bu isə 2008-ci ildən indiyədək qeydə alınann rekord göstəricidir. Ekspertlər hesab edirlər ki, problemli kreditlər bundan sonra daha da artacaq və bunun nəticəsində bank sektorunun gəlirliyi azalacaq.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, rusiyalıların "kredit sağlamlığı" indeksi III rübdə antirekordu yeniləyərək 2008-ci ilin oktyabrından indiyədək ən aşağı səviyyəyə düşüb. Cari ilin yanvar-sentyabr aylarında indeks 7 bənd düşüb və indeksin aşağı düşməsi sürətlənib. Belə ki, ötən il ərzində indeskin enməsi cəmi 6 bənd təşkil edib.

Bu indeks Kredit Tarixləri üzrə Milli Büronun "pis" kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi üzrə rüblük göstəriciləri əsasında hazırlanır. "Pis" kreditlərdə 60 gündən artıq gecikmiş kreditlər nəzərdən keçirilir.

"İndeks hər rüb 2-3 bənd zəifləyir. Hazırda "pis" kreditlər, yəni 60 gündən artıq vaxtı keçmiş borclar cəmi borcalanların 17-18%-ni, yaxud 6 mln. rusiyalını əhatə edir. Ümumiyyətlə, 35 mln. rusiyalı kreditə sahibdir", - Büronun eksperti Vladimir Şikin qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi