Yuxarı

Rusiyalı ekspertlər: "2024-cü ilə qədər dolların kəskin ucuzlaşacağı inandırıcı deyil"

Rusiyalı ekspertlər: "2024-cü ilə qədər dolların kəskin ucuzlaşacağı inandırıcı deyil"
Dinlə

55

ABŞ dolları avroya nisbətən 20 faizədək ucuzlaşa bilər

Bakı. 18 oktyabr. REPORT.AZ/ "ABŞ dollarının 2024-cü ilə qədər avro qarşısında 40%-ə qədər ucuzlaşacağı barədə proqnoz inandırıcı deyil. Amerika valyutasının məzənnəsi 20%-dən çox azala bilməz".

Bunu “Report”a açıqlamasında Rusiyanın Energetika və Maliyyə İnstitutunun baş təhlilçisi Viktor Tatuzov “A.G.Bisset Associated” şirkətinin icraçı direktoru, valyuta araşdırmaçısı Ulf Lindalın “Bloomberg” agentliyinə verdiyi açıqlama zamanı səsləndirdiyi proqnoza münasibət bildirərkən deyib. 

Rusiyalı ekspertin fikrincə, dollar yalnız ABŞ hökumətinin bu məcrada məqsədyönlü siyasət yeritməsi hesabına kəskin ucuzlaşa bilər: “Amerikalılar milli valyutalarının devalvasiyaya məruz qalmasında müəyyən qədər maraqlıdırlar. Dolların məzənnəsi azaldıqca ABŞ istehsalı olan məhsulların xarici bazarlarda rəqabət qabiliyyətliliyi bir o qədər artar, deməli, ABŞ-da işçi qüvvəsi ucuzlaşar”.

Viktor Tatuzov

Rusiyanın Energetika və Maliyyə İnstitutunun baş təhlilçisi Viktor Tatuzov

Məzənnənin azalmasını gözləyirəm, amma 6 il ərzində 40% yox. Bu, 5%-dən 20%-ə qədər ola bilər.

V.Tatuzov onu da bildirib ki, hazırda ABŞ iqtisadiyyatının perspektivi o qədər də aydın olmadığına görə konkret proqnoz vermək çətindir: “Beynəlxalq təşkilatlara görə, ABŞ iqtisadiyyatı uğurla inkişaf edərək dünya iqtisadiyyatının bir növ lokomotivi rolunu icra edir. Bir çox ekspertlərin rəyincə, Prezident Donald Trampın siyasəti ölkə iqtisadiyyatının böyüməsinə müsbət təsir göstərir. Bununla belə, vaxtaşırı kəskin azalan fond birjası indeksləri hələ də çox yüksəkdir”.

Ekspertin sözlərinə görə, ABŞ hökuməti dolların devalvasiyasına yönəlsə, bu, deyilən qədər güclü olmayacaq: “Məzənnənin azalmasını gözləyirəm, amma 6 il ərzində 40% yox. Bu, 5%-dən 20%-ə qədər ola bilər”.

Rusiyanın “Alpari” maliyyə agentliyinin Təhlil şöbəsinin rəhbəri Aleksandr Razuvayev də yaxın 6 il ərzində ABŞ dollarının avroya nisbətən kəskin ucuzlaşacağına inanmır: “Dolların çökəcəyinə inanmıram. Çox güman ki, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması ilə dollar - avro nisbətində tarazlığın şahidi olacağıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi