​Rusiyada tibb işçiləri üçün qarşılıqlı sığorta cəmiyyəti yaradılıb

​Rusiyada tibb işçiləri üçün qarşılıqlı sığorta cəmiyyəti yaradılıb Məqsəd həkim səhvindən pasientə dəyən ziyana görə kompensasiyanın ödənilməsidir
Maliyyə
29 İyun , 2016 14:24
​Rusiyada tibb işçiləri üçün qarşılıqlı sığorta cəmiyyəti yaradılıb

Bakı. 29 iyun. REPORT.AZ/ Rusiyada ilk dəfə olaraq, ölkənin Tümen vilayətində tibb işçilərinin mülki məsuliyyətinin sığortalanması üçün qarşılıqlı sığorta cəmiyyəti fəaliyyətə başlayıb. "Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, cəmiyyətin yaradılmasında məqsəd həkim səhvi nəticəsində pasientlərə dəymiş ziyana görə kompensasiyanın ödənilməsidir.

Arzuolunmaz vəziyyətlərdən özünü sığortalamaq istəyən həkimlər cəmiyyətin fonduna ildə 3 min rubl (72 manat) ödəyəcəklər. Bu cəmiyyətin fəaliyyətinin vilayətin 14 tibb müəssisəsində çalışan təxminən 1 000 həkimi əhatə edəcəyi gözlənilir. Bununla da, pasinetlərə ödənilə biləcək ümumi kompensasiyanın illik məbləği 3 mln. rubl (72 min manat) təşkil edəcək.

Cəmiyyətin direktoru Artyom Kovalenko bildirib ki, heç bir həkim sözügedən fonda pul ödəməyə məcbur edilməyəcək. Yəni, mülki məsuliyyətin sığortalanması könüllü olacaq: "Hazırda Rusiya qanunvericiliyi də həkimlərin mülki məsuliyyətinin icbari sığortalanmasına imkan vermir. Amma artıq ölkədə tibb işçilərinin akkrediyasiyası başlayıb və 2021-ci ilə qədər bu növ sığorta icbari olacaq. Odur ki, həmin vaxta hazırlaşmaq lazımdır".

Onun sözlərinə görə, digər tərəfdən isə son vaxtlar Tümendə həkimlərə qarşı xəstələrin və onların yaxınlarının tibb müəssisələrinə qarşı iddiaları artıb. Ümumilikdə, 2012-2014-cü illərdə tibb müəssisələrinə qarşı irəli sürülmüş iddialara görə 12 mln. rubla (288 min manat) yaxın kompensasiya ödənilib. "Böyük xəstəxanalar üçün bəlkə də 1 mln. rubl (24 min manat) böyük məbləğ deyil, amma rayon xəstəxanaları üçün kifayət qədər böyükdür", - deyə A.Kovalenko bildirib.

Pilot layihəni yüksək qiymətləndirən Rusiya Milli Tibb Palatasının vitse-prezidenti Yevgeniy Çesnokov da hesab edir ki, həkimləri mümkün maliyyə risklərindən qorumağın yeganə yolu sığortadır: "Mən "həkim səhvi" terminini sevmirəm. Heç bir həkim xüsusi olaraq hansısa pasientə qarşı səhv etmir. Amma xoşagəlməz vəziyyət yaranıbsa, onun əvəzini ödəmək lazımdır".

Eyni fikri Palatanın prezidenti Leonid Roşal da bölüşür. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə belə bir problem yoxdur: "Xaricdə hər bir həkim mülki məsuliyyətini sığortalamaq imkanına malikdir və iddialardan qorxmadan işləyir. Rusiyada isə həkimlərin cəmi 5-10%-nin özünü sığortalamaq imkanı var. Çünki bu növ sığorta baha başa gəlir. Yaxşı ki, münasib mexanizm tapılıb".

Son xəbərlər

Orphus sistemi