Rusiyada rublun möhkəmlənməsinə inananların sayı azalıb

Rusiyada rublun möhkəmlənməsinə inananların sayı azalıb Bu ilin əvvəlindən rubl dollara qarşı 10,5% bahalaşıb
Maliyyə
1 Sentyabr , 2016 19:30
Rusiyada rublun möhkəmlənməsinə inananların sayı azalıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Rublun dollarla müqayisədə bir ildən sonra möhkəmlənəcəyinə inanan rusiyalıların sayı ardıcıl 4 aydır azalır. 

"Report" Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) rəsmi saytına istinadən xəbər verir ki, rusiyalıların 13%-i bir ildən sonra rublun dollarla müqayisədə məzənnəsinin cari səviyyədən yuxarı olacağına inanır. Hesabata görə, rublun möhkəmlənməsinə inananların sayı 2015-ci ilin dekabr ayından etibarən minimal həddə enib. Ən son 2014-cü ilin sentyabrında bu göstərici 11% təşkil edib.

Rusiyalıların 32%-i hesab edir ki, yaxın bir il ərzində rublun məzənnəsində ciddi dəyişiklik olmayacaq. Əhalinin 30%-i isə dolların bahalaşacağına inanır. Qeyd edək ki, keçən ayla müqayisədə dolların möhkəmlənəcəyinə inananların xüsusi çəkisi 1 faiz bəndi artıb. Rusiyalıların getdikcə daha çox hissəsinin rublun ucuzlaşacağına inanmasına baxmayaraq, insanların çoxu əldəki vəsaiti rublda saxlamağa üstünlük verir. 2016-cı il avqustunda "inFOM" şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, rusiyalıların 72%-i vəsaitlərini rublda saxlamağı düşünür. Qeyd edək ki, iyulda bu göstərici 76% təşkil edib.

Xatırladaq ki, hazırda Rusiyada dolların məzənnəsi 65,3 RUB/USD-yə bərabərdir. İlin əvvəlindən rubl 10,5% möhkəmlənib. Nağd valyuta bazarında isə məzənnənin maksimal səviyyəsi yanvarın 21-də qeydə alınıb və 86 RUB/USD təşkil edib. 

Son xəbərlər

Orphus sistemi