Yuxarı

Rusiyada dolların məzənnəsi yeni ​rekord müəyyənləşdirib

Məzənnənin tədricən 90 RUB/USD-yə çatacağı gözlənilir

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyada ABŞ dollarının məzənnəsi yanvarın 21-də yeni tarixi rekord səviyyəyə yüksəlib. "Report" xəbər verir ki, bu gün saat 11:30 radələrində məzənnə 84,450 RUB/USD-yə çatıb. 

Qeyd edək ki, bundan əvvəlki rekord maksimal hədd 2014-cü il dekabrın 16-da 80,024 RUB/USD, dünən isə 80,764 RUB/USD olub. 

Rublun kəskin zəifləməsi "Brent" markalı neftin qiymətinin bu gün 27,11 dollar/barel səviyyəsinə kimi enməsi səbəbindən baş verib. 

Bununla yanaşı, avronun məzənnəsi 91,410 RUB/EUR səviyyəsini üstələsə də, tarixi rekord səviyyəni keçməyib. Qeyd edək ki, tarixi rekord 2014-cü il dekabrın 15-də müşahidə olunub və 100,448 RUB/EUR-a bərabər olub. Rublun avro ilə müqayisədə rekordu keçməməsinə səbəb o zaman USD/EUR məzənnəsinin 1,24 səviyyəsində olması ilə bağlıdır. Hazırda isə USD/EUR məzənnəsi 1,09-a bərabərdir. Avro dollarla müqayisədə zəiflədiyi üçün rubl rekordu keçə bilməyib.

"Report"un analitik qrupu hesab edir ki, neftin ucuzlaşması fonunda Rusiyada dolların məzənnəsinin 90 RUB/USD-yə, avronun məzənnəsinin isə 100 RUB/EUR-a yaxınlaşacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi