​Rusiyada dolların məzənnəsi 62 rublu keçib

​Rusiyada dolların məzənnəsi 62 rublu keçib Dolların tədricən bahalaşacağı gözlənilir
Maliyyə
3 Avqust , 2015 13:01
​Rusiyada dolların məzənnəsi 62 rublu keçib

Bakı. 3 avqust. REPORT.AZ/ Rusiyada dolların birja məzənnəsi 62 RUB/USD həddini keçib. Bu gün ABŞ valyutası daha 31 qəpik möhkəmlənib.

"Report" xəbər verir ki, daha əvvəl dollar martın 9-da bu məzənnə səviyyəsində olub. Dolların möhkəmlənməsinin əsas səbəbi keçən həftə Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 11%-ə çatdırması və dünya bazarında neftin ucuzlaşması amilləri ilə bağlıdır.

Xatırladaq ki, Rusiyanın xarici dövlət borcu ilə bağlı avqust üçün öhdəliyi (faizlərlə birlikdə) 8,6 mlrd. dollar, korporativ sektor üzrə isə 8,4 mlrd. dollar təşkil edir. Bu amil də dolların rubla nisbətdə bahalaşmasının səbəbi kimi qiymətləndirilir.

Rusiyanın ən yüksək miqdarda borc ödənişi isə sentyabr və dekabr aylarına təsadüf edəcək. Sentyabrda dövlət və korporativ sektorun xaricə ödəyəcəyi ümumi məbləğ 32,1 mlrd. dollar, dekabrda isə 46,7 mlrd. dollar təşkil edir. Bununla əlaqədar, dolların məzənnəsinin tədricən artacağı proqnozlaşdırılır.

Xatırlatmaq lazımdır ki, Rusiyanın cəmi qızıl-valyuta ehtiyatları 2015-ci il iyulun 30-u vəziyyətinə 358,3 mlrd. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi