​Rusiya yeni devalvasiyaya əl ata bilər

​Rusiya yeni devalvasiyaya əl ata bilər Bunun məqsədi isə büdcə kəsirinin örtülməsidir
Maliyyə
11 Fevral , 2016 10:17
​Rusiya yeni devalvasiyaya əl ata bilər

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiya hökuməti neftin qiymətinin büdcədə nəzərdə tutulan 50 dollar/barel həddindən təxminən iki dəfə aşağı olması səbəbindən büdcədə yaranan kəsiri milli valyuta - rublun devalvasiyası hesabına örtməyə çalışa bilər. 

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, maliyyə analitiklərinin fikrincə, Rusiya hökuməti büdcə kəsirini örtmək üçün rublun devalvasiya həddini qeyri-formal olaraq müəyyənləşdirmək imkanlarını araşdırır. Bu məqsədlə Rusiya Bankının (mərkəzi bank) valyuta bazarına müdaxiləsi (valyuta intervensiyası) artırıla bilər.

Hökumət rublun məzənnəsinin hər hansı hədəf səviyyəsini rəsmi açıqlamaq fikrində deyil. Rusiya Bankı hər bəyanatında rublun məzənnəsinin tələb və təklif əsasında formalaşdığını qeyd edir. Lakin rublun devalvasiyası üçün Mərkəzi Bankın əlində hər cür imkan var və əsas məqsəd neftin bir qədər də ucuzlaşması halında rublun möhkəmlənməsinə imkan verməməkdir.

Qeyd edək ki, Rusiya hökuməti 2016-cı il büdcəsində neftin baza qiymətini 50 dollar/bareldən götürsə də hələ ki, real qiymət 30 dollar/barel ətrafındadır. Qiymətlərin bu səviyyəsində büdcədə 3% kəsiri təmin etmək üçün 2,5 trln. rubl (31,7 mlrd. dollar) vəsaitə ehtiyac yaranır. Maliyyə naziri Anton Siluanov yaranan kəsiri örtmək üçün Ehtiyat Fondunun vəsaitlərindən istifadə edə biləcəklərini vurğulayıb. Dekabr ayında "Bank of America Merril Lynch" açıqladığı hesabatında neftin qiymətinin 30 dollar/barel səviyyəsində qalacağı təqdirdə Rusiyada dolların məzənnəsinin 100 RUR/USD-dən artıq olacağını proqnozlaşdırıb. Bankın ekspertləri bildiriblər ki, neft 40 dollar/barel olarsa, məzənnə 84 RUR/USD olmalıdır. 

Qeyd edək ki, hazırda Rusiyanın mütəşəkkil valyuta bazarında dolların məzənnəsi 79 rubla bərabərdir.

Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, dolların məzənnəsinin 1 rubl artması büdcə gəlirlərini 35-40 mlrd. rubl artırır. Lakin "BofA Merril Lynch"in baş iqtisadçısı Vladimir Osakovskiyə görə, rublun devalvasiyasının inflyasiyada xüsusi çəkisi 2015-ci ildə 60% təşkil edib. Hazırda yeni bir devalvasiya hökumətin 4% inflyasiya hədəfinə zərər yetirə bilər.

"Report"un analitik qrupu hesab edir ki, rublun yeni devalvasiyası MDB ölkələrinin milli valyutaları üzərində təzyiqi artıracaq və Rusiya ilə sıx ticarət əlaqələri olan ölkələr də valyutalarını ucuzlaşdırmağa məcbur olacaq.

Son xəbərlər

Orphus sistemi