​Rusiya rəsmiləri: Ölkəni yeni iqtisadi şok gözləyir - TƏHLİL

​Rusiya rəsmiləri: Ölkəni yeni iqtisadi şok gözləyir - TƏHLİL "Report": Kreml ölkə ictimaiyyətinin fikrini daxili iqtisadiyyatdakı problemlərdən yayındırmağa çalışır
Maliyyə
17 Dekabr , 2015 12:17
​Rusiya rəsmiləri: Ölkəni yeni iqtisadi şok gözləyir - TƏHLİL

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya iqtisadiyyatı həyəcan təbili çalır. Ölkədə yaranan iqtisadi problemlər qısa müddət ərzində maliyyə bazarlarında qabarıq şəkildə əksini tapıb. Rusiyada dolların rəsmi məzənnəsi artıq 71 RUB/USD həddinə yaxınlaşıb ki, bu da 1998-ci ildən sonra maksimal səviyyədir.

"Report"un analitik qrupu xəbər verir ki, bununla da cari ilin əvvəlindən dolların məzənnəsi 22,4%, son iki ildə isə 2,2 dəfə artıb. Rusiyanın RTS fond birjası indeksi son iki il ərzində 45% azalaraq 785-ə enib. Fond birjasının dollar ekvivalentində indeksinə nəzər salsaq, onun 4 dəfə azalaraq 11 dollara çatdığını görərik.

Qeyd edək ki, Rusiya beynəlxalq siyasi arenada yeritdiyi aqressiv xarici siyasəti səbəbindən 2014-cü ildən Qərb dövlətlərinin iqtisadi sanksiyaları ilə üzləşib. Ukraynanın ərazi bütövlüyünə müdaxiləsi nəticəsində Krımı işğal edən Rusiyanın bu cür davranışı, ABŞ və Avropa İttifaqı başda olmaqla bir çox ölkə tərəfindən narazılıqla qarşılanıb. Maliyyə sanksiyaları nəticəsində Rusiya xarici borclarını yenidən maliyyələşdirmək imkanlarından məhrum edilib və dünya bazarında neftin qyimətinin də azalması ilə valyuta ehtiyatları son iki ildə 30% azalaraq 364 mlrd. dollara enib.

Xarici ekspertlərin qiymətləndirmələrinə əsasən, Rusiya üçün 2016-cı ilin proqnozları daha da bədbindir. Maliyyə naziri Anton Siluanovun fikrincə, neftin qiymətinin 35 dollar/bareldən aşağı düşməsi və RUB/USD məzənnəsinin 70-ə yaxın səviyyədə qalması dövlət büdcəsinin kəsirini ÜDM-in 5,2%-nə qədər artmasına səbəb olacaq. Kəsiri azaltmaq üçün büdcəyə yenidən baxılması zərurəti yaranacaq. Böyük ehtimalla, xərclərin azaldılması və özəlləşdirmədən gəlirlərin artırılması yolu ilə büdcə kəsirini ÜDM-in 3%-dək həddə saxlamaq lazım gələcək. Büdcə kəsiri isə Ehtiyat və ya Rifah fondları hesabına örtüləcək. Qeyd edək ki, cari ilin noyabrın 1-i vəziyyətinə Ehtiyat Fondunda 65,71 mlrd. dollar və ya ÜDM-in 5,8%-i qədər vəsait qalıb. A.Siluanovun hesablamalarına görə, Rusiya Ehtiyat Fondunun aktivləri artıq 2016-cı ildə tam tükənəcək.

Avropa Komissiyasının proqnozlarına görə, Rusiya iqtisadiyyatı 2015-ci ildə 3,7% azalacaq. Maraqlıdır ki, 2016-cı ildə də iqtisadi artım gözlənilmir, resessiyanın davam edəcəyi ehtimal olunur. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, gələn il Rusiyada ÜDM-in 1,1% azalması gözlənilir. Büdcədə neftin baza qiymətini 50 dollar/barel həddində təsdiq edən Rusiya höküməti, ÜDM-in artım tempini 0,7%, inflyasiyanı 6,4% və orta illik rəsmi məzənnəni isə 63,3 RUB/USD səviyyəsində təsdiqləyib. Lakin iqtisadi inkişaf nazirinin müavini Aleksey Vedev açıqlamalarında qeyd edib ki, hazırda "konservativ ssenari" ÜDM-in 1% azalacağını, neftin 40 dollar/barel, inflyasiyanın 8,3% , dolların orta məzənnəsinin 73 rubl olacağını göstərir. Nazir, neftin qiymətinin 2018-ci ilə qədər 40 dollar/barel səviyyəsində qalacağını və Rusiyanın yenidən bir iqtisadi şok yaşayacağını bildirib.

Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Dmitriy Tulinə görə, əsl şok neftin qiymətinin 40 dollar deyil, 20-30 dollara enməsi zamanı baş verəcək. Rusiya Maliyyə Nazirliyi Elmi-Tədqiqatlar İnstitutunun direktoru Vladimir Nazarovun fikrincə, neftin qiymətinin müəyyən aylarda 40 dollar/bareldən aşağı səviyyədə satılması panika yaradacaq və bu zaman dolların məzənnəsi 120 RUB/USD-yə qədər yüksələ bilər, lakin daha sonra 100 RUB/USD səviyyəsində stabilləşəcək. Bu halda idxal yenidən bahalaşacaq və tələbat azalmaqla pərakəndə ticarəti zəiflədəcək.

Qeyd edək ki, 2015-ci ilin yanvar-oktyabr aylarında Rusiyada pərakəndə ticarətin həcmi 5%, kapital qoyuluşu 6% azalıb. Tezliklə inflyasiyanın ikirəqəmli səviyyəyə kimi yüksəlməsi gözlənilir ki, bu da əhalinin real gəlirlərini aşağı salacaq. Nəzərə alaq ki, bu ilin ilk 9 ayında Rusiya əhalisinin real gəlirləri 9% azalıb. Nəticədə, təkcə ilk yarımillikdə ölkə əhalisinin 2,8 mln. nəfəri kasıblayıb və yoxsul təbəqə 21,7 mln. nəfərə çatıb. Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatlarına əsasən, neft qiymətlərində şok azalma yoxsul təbəqənin sayını 30-40 mln. nəfərə çatdıra bilər ki, bu da Rusiyanın 2000-cı illərin əvvəlinə geri dönməsi deməkdir. Nazirliyin fikrincə, 2016-cı ildə iqtisadiyyatdakı resessiya daha da güclənə bilər. Belə ki, Nazirlik 2015-ci il üçün iqtisadi azalmanı 3,9% səviyyəsində proqnozlaşdırdığı halda, bundan öncə baş verən böhran zamanı, 2009-cu ildə ÜDM-in 7,8% azaldığını da xatırladıb və bunun nəzərə alınmasını vacib sayır.

"Report"un analitikləri qeyd edirlər ki, Rusiyanın büdcə məxaricinin artmasına səbəb olan amillərdən biri hərbi xərclərin artmasıdır. İqtisadi çətinliklərlə üzləşən Rusiya bir tərəfdən də Ukrayna və Suriyada aparılan hərbi əməliyyatlarda birbaşa və ya dolayısı ilə iştirak edir. İqtisadi problemlərin artıq ön plana çıxdığını görən rəsmi Moskva müxtəlif ölkələrə müdaxilə etməklə, qonşu ölkələrə siyasi təzyiq göstərərək müxtəlif hədələmə bəyanatları göndərməklə daxili iqtisadiyyatdakı neqativ prosesləri ört-basdır etməyə və ictimaiyyətin fikrini yayındırmağa çalışır. Bu məqsəd üçün yerli KİV-in imkanlarından maksimal şəkildə istifadə olunur.

Görünən odur ki, ölkədaxili problemləri xarici siyasətdə müxtəlif hadisələrlə əvəzləməyə çalışan Kreml SSRİ kimi tədricən ölkəni dünyadan təcrid edir. Vəziyyət o həddə çatıb ki, daim loyallığı ilə seçilən Belarus və Mərkəzi Asiya respublikaları da Rusiyanın aqressiv siyasətindən narazılıq etməyə başlayıb. Rəsmi Baki ilə Ankaranın yaxın qardaşlıq münasibətlərini həzm edə bilməyən Rusiya son günlər mətbuat vasitəsi ilə Azərbaycan əleyhinə də fikirlər səsləndirməyə başlayıb. Bəzi müşahidəçilər isə hesab edirlər ki, Moskvanın qısqançılığı Rusiyadakı ağır iqtisadi vəziyyəti unutdurmaq üçün son nəticədə hətta regionda sülhün pozulmasına səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi