Yuxarı
    Bağlamaq

    ​Rusiya ekspertləri: "Hökumətə zəif, lakin sabit rubl lazımdır"

    Rusiya büdcə qaydalarını Norveç təcrübəsinə uyğunlaşdırır

    Bakı. 22 aprel. REPORT.AZ/ Yeni büdcə qaydaları Rusiya iqtisadiyyatının neftdən asılılığını zəiflədəcək. "Report" xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanovun sözlərinə görə, Maliyyə Nazirliyi yeni büdcə qaydalarının layihəsini hazırlayır. Sənədə əsasən, neft qiymətləri 40-50 dollar/barel diapazonunda olacağı təqdirdə dövlət xəzinəsi ehtiyatlarını artıracaq: "Əgər neftin qiyməti bundan artıq olarsa, əlavə gəlirlər təhlükəsizlik yastığını artırmaq və milli valyutanın həddindən artıq möhkəmlənməsinin qarşısının alınması üçün yenə də toplanacaq".

    A.Siluanovun sözlərinə görə, nazirliyin təqdim etdiyi yeni büdcə qaydaları artıq maliyyə stabilliyinin təmin olunması üzrə Milli Şura tərəfindən konseptual olaraq bəyənilib və payız aylarında hökumət və parlamentə təqdim olunacaq.

    "April Capital Asset Management"in investisiya üzrə meneceri Oleq Popovun fikrincə, Rusiya hökuməti neftlə iqtisadiyyat arasında korelyasiyanı zəiflədərək Norveç iqtisadi idarəetmə üsulunu seçib. "Bloomberg"dən verilən məlumata əsasən, dünyanın ən böyük enerji resurslarının ixracatçısı olan ölkə kimi Rusiya Şimali Avropa təcrübəsindən istifadə edərək nəzərdə tutulan qiymət diapazonundan əlavə əldə edilən gəlirin xərclənməsinə mane olan büdcə layihəsi hazırlayır. Agentliyin fikrincə, bu, Rusiya iqtisadiyyatının  neftdən asılılığını aradan qaldırmaq və neft qiymətlərinin kəskin dəyişməsindən qorumaq üçün atılan müsbət addımdır.

    Qeyd edək ki, Rusiya Bankının (Mərkəzi Bank) 2014-cü ilin sonunda "üzən məzənnə" rejiminə keçməsindən sonra rubl neftdən asılı vəziyyətə düşüb. Rublla neftin korelyasiyası rekord həddə çatıb. Rusiya iqtisadiyyatı iki ildir durğunluq içindədir, büdcə kəsiri isə maksimal səviyyəyə çatıb.

    "Promsvyazbank"ın aparıcı analitiki Aleksey Yeqorovun fikrincə, büdcə ilə bağlı vəziyyət ağırlaşıb. Buna görə də hökumətə zəif, lakin sabit rubl lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi