​Rusiya əhalisinin gəlirləri sürətlə azalır

​Rusiya əhalisinin gəlirləri sürətlə azalır Apreldə əhalinin real gəlirləri 4%, pərakəndə satış isə 10% azalıb
Maliyyə
23 May , 2015 13:22
​Rusiya əhalisinin gəlirləri sürətlə azalır

Bakı. 23 may. REPORT.AZ/ Bu ilin aprel ayında Rusiya əhalisinin real gəlirləri illik müqayisədə 4% azalıb. Rusiya Statistika Komitəsinin məlumatına görə, hesablamalar inflyasiya və məcburi ödənişlər amilləri nəzərə alınmaqla aparılıb. Qeyd edək ki, azalma artıq 6-cı aydır ki, davam edir. Əhalinin gəlirlərində sonuncu dəfə artım 2014-cü ilin oktyabr ayında qeydə alınıb.

"Report" xəbər verir ki, əhalinin real gəlirlərində azalma 2015-ci ilin əvvəlindən hər ay sürətlənir. Belə ki, yanvarda azalma keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,8%, fevralda 1,6%, martda 1,8% və apreldə 4% təşkil edib. Nəticədə, ilk 4 ayda ümumi azalma illik müqayisədə 2,2% olub. Qeyd edək ki, 2014-cü ildə Rusiyada yaşayanların gəlirləri cəmi 0,8% azalmışdır.

Nominal olaraq isə əhalinin adambaşına gəlirləri apreldə keçən ilə nəzərən 8,6% artaraq 30 570 rubl, nominal əmək haqqı isə apreldə keçən ilin aprelinə nisbətən 1% artaraq 32 805 rubl (bu, martla müqayisədə 0,5% çoxdur) təşkil edib.

İnflyasiya nəzərə alınmaqla real əmək haqqında keçən ilin aprelinə nisbətən 13,2% azalma olub. Belə ki, apreldə illik inflyasiya 16,4% təşkil edib.

Əhalinin ödəmə qabiliyyətinin azalması nəticəsində Rusiyada pərakəndə satışın həcmi apreldə keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,8%, əvvəlki ayla müqayisədə isə 2,6% azalıb. Əhali pulların yarıdan çoxunu, yəni 1,066 trln. rublu ərzaq və tütün məmulatlarına xərcləyib.

Qeyd edək ki, Azərbaycanda əhalinin nominal gəlirləri ilk rübdə 9 455,9 mln. manat təşkil edib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% çoxdur. Bu müddət ərzində inflyasiya 2,8% olub. Əhalinin orta aylıq əmək haqqı ilk rübdə 444,5 manat təşkil edib və bu, keçən ilə nəzərən 4,2% çoxdur.

Son xəbərlər

Orphus sistemi