Yuxarı

​Rusiya büdcənin sekvestrinə hazırlaşır

Dövlət bir sıra investisiya xərclərini azaltmaq qərarına gəlib

Bakı. 2 iyun. REPORT.AZ/ Rusiya hökuməti federal layihələrə çəkiləcək xərcləri 33% azaldır. Qarşıdakı 3 ildə nazirliklər tərəfindən tələb olunan vəsaitlər və müxtəlif inşaat xərcləri ən azı 1/3-i qədər azaldılacaq.

"Report"un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, gələcəkdəki xərclərin azaldılması ilə parlamentin investisiya xarakterli büdcə xərcləri üzrə qurumlararası komissiyası məşğul olur.

Komissiyanın verdiyi bəyanata görə, 2016-cı il üçün nəzərdə tutulan investisiya xarakterli büdcə xərcləri 33% və ya 885 mlrd. rubl (18,7 mlrd. dollar) azaldılaraq 1 788 mlrd. rubla (33,7 mlrd. dolar), 2017-ci il üçün 35% və ya 987 mlrd. rubl (18,6 mlrd. dollar) azaldılaraq 1 793 mlrd. rubl (33,8 mlrd. dollar) və 2018-ci il üçün 42% və ya 1 159 mlrd. rubl (21,9 mlrd. dollar) azaldılaraq 1 608 mlrd. rubl (30,3 mlrd. dollar) nəzərdə tutulub. Bununla yanaşı bildirilir ki, büdcə sekvestrinə sosial və hərbi xərclər aid edilməyəcək.

Xatırladaq ki, ötən il Rusiyada ÜDM-in həcmi əvvəlki ilə nisbətən 0,6% artaraq 71 trln. rubl təşkil edib.

Qeyd edək ki, dövlət büdcəsinin strukturunda investisiya xarakterli, əsasən də inşaat və tikinti xərclərinin azaldılması prosesi bu il Azərbaycanda da gözlənilir. Belə ki, 2015-ci ildə dövlət büdcəsindən tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün 5 654,7 mln. manat ayrılıb ki, ilk 4 ayda bu vəsaitin 962,5 mln. manatı istifadə olunub. Nəzərə alsaq ki, I Avropa Oyunlarından sonra, ilin ikinci yarısında inşaat və tikinti xərcləri bir qədər səngiyəcək, bu tendensiya ilə ən yaxşı halda xərclər 3 mlrd. manat ola bilər. Yəni, 2,5 mlrd. manatlıq qənaət gözlənilir. Bu da ÜDM-in 5%-nə yaxın bir rəqəmdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi