Yuxarı

Rusiya büdcə sekvestrinə hazırlaşır

Rusiya büdcə xərclərini 1,2 trln. rubl azalda bilər

Bakı. 12 yanvar. REPORT.AZ/ Rusiya hökuməti 2016-cı ilin dövlət büdcəsində 10%-lik sekvestr həyata keçirə bilər. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, Rusiya 2015-ci ildə də büdcənin 10%-lik ixtisarını həyata keçirib, nazirlik və təşkilatların xərclərini azaldıb.

Agentlik xəbər verir ki, yeni büdcə sekvestri barədə qərar Rusiyanın baş naziri Dmitri Medvedyevin başçılığı ilə 2015-ci il dekabrında keçirilən iclasda verilib. İclasın protokoluna əsasən, yanvarın 15-dək nazirlik və təşkilatlar xərclərini 10% azaltmaq barədə təkliflərini hökumətə təqdim etməlidir. Bunu "Reuters"ə iclasda iştirak edən iki dövlət məmuru bildirib.

Qeyd olunur ki, bununla, Rusiya büdcəsi 700 mlrd. rubla yaxın vəsaitə qənaət edəcək. Bildirilib ki, əgər nazirlik və təşkilatlar yanvarın 15-dək təkliflərini təqdim etməsələr, Maliyyə Nazirliyi məcburi olaraq onların xərc limitlərini 10% azaldacaq.

Xatırladaq ki, dekabrda təsdiq olunan büdcədə neftin baza qiyməti 50 dollar/barel nəzərdə tutulub, ÜDM-in artımı 0,7% və büdcə kəsiri ÜDM-in 3%-i qədər proqnozlaşdırılır. Hazırda isə neftin qiyməti 30 dollar/barelə yaxınlaşıb. Bir qədər əvvəl Maliyyə Nazirliyi büdcə kəsirinin ÜDM-ə nisbətinin neft qiymətlərinin düşməsi fonunda 5,2%-dək artacağını istisna etmir. Büdcə kəsiri limitinin 3% həddini aşmaması üçün (Rusiya prezidentinin tapşırığına əsasən), Maliyyə Nazirliyi ümumi xərclərin 1,173 trln. rubl azaldılması zəruriliyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi