Yuxarı

​Rusiya Bankı məzənnə siyasətini dəyişir

Valyuta dəhlizindən imtina edən Rusiya Bankı üzən məzənnə siyasətinə keçib

Bakı. 10 noyabr. REPORT.AZ/. Rusiya Bankı bu gündən etibarən rublun rəsmi məzənnəsinin valyuta dəhlizi çərçivəsində (bivalyuta səbəti) saxlanılması praktikasından imtina edir. “Report”un xəbər verdiyi kimi, beləliklə, Rusiya rublunun dollar və avroya qarşı məzənnələri bazar amilləri təsiri altında formalaşacaq və bununla da ölkə üzən məzənnə siyasətinə keçəcək.

"Report" analitik qrupu hesab edir ki, bu, Rusiya Bankının mütəmadi valyuta intervensiyalarından imtina etmək qərarının məntiqi nəticəsidir. Qeyd edək ki, Mərkəzi Bankın rəhbərliyi qərara alıb ki, valyuta müdaxiləsi istənilən an və tələb olunan həcmdə həyata keçirilə bilər və bu, bazarın və tələb-təklif balansının cari vəziyyətindən asılı olacaq.

"Buna paralel olaraq hökumət mənbələri xəbər verir ki, hökumət dolların məzənnəsinin hazırkı 45 rubldan 42 rubla qədər enəcəyini proqnozlaşdırır. Lakin aydındır ki, neftin ucuzlaşması şəraitində rublun möhkəmlənməsi üçün heç bir makroiqtisadi əsas yoxdur və əgər bu günə qədər rublun məzənnəsi valyuta intervensiyaları hesabına nisbətən sabit saxlanılırdısa, valyuta dəhlizi və valyuta intervensiyalarından imtinadan sonra rublun məzənnəsi daha da enə bilər", - deyə "Report"un ekspertləri vurğulayır.

Bundan başqa, Rusiya Bankı kommersiya banklarına rubl likvidliyinin verilməsini məhdudlaşdırmaq niyyətindədir. Mərkəzi Bankda hesab edirlər ki, bu vəsaitlər valyuta bazarında sırf spekulyativ məqsədlər üçün istifadə olunur və valyutaya olan tələbatı artırır. "Hazırkı vəziyyətdə isə bu ucuzlaşma daha çox makroiqtisadi amillərlə bağlıdır və ilk növbədə buna neftin ucuzlaşması təsir edir. Belə olan halda, Mərkəzi Bankın yuxarıda qeyd edilən qərarlarının rublun məzənnəsinə müsbət təsir edəcəyi inandırıcı görünmür", - deyə analitiklər vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi