Rüfət Aslanlı: "Problemli bazar resurslarının sağlamlaşdırılması ilə bağlı işlər görüləcək"

Rüfət Aslanlı: "Problemli bazar resurslarının sağlamlaşdırılması ilə bağlı işlər görüləcək" Azərbaycanda maliyyə bazarlarının tənzimlənməsinə dair vahid qanun hazırlanacaq
Maliyyə
4 Mart , 2016 13:00
Rüfət Aslanlı: Problemli bazar resurslarının sağlamlaşdırılması ilə bağlı işlər görüləcək

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda bir neçə maliyyə alətindən istifadə edərək problemli bazar resurslarının sağlamlaşdırılması ilə bağlı işlər görüləcək. “Report”un verdiyi xəbərə görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı parlamentin bügünkü plenar iclasında çıxışında bildirib: "Maliyyə sabitliyini, dayanıqlığını təmin etmək üçün müvafiq alətlər tətbiq edəcək. Bura stress-testlər və s daxildir".

Onun sözlərinə görə, ayrı-ayrı dövlət orqanlarında həyata keçirilən tənzimləmələr vahid orqana verilir.

R.Aslanlı təklif olunan sənədlərin Mərkəzi Bank və Palatanın səlahiyyətlərinin bölgüsünü dəqiq müəyyən etməyə imkan yaratdığını deyib. Mərkəzi Bank pul siyasətini həyata keçirəcək, ödəniş sistemlərinin fəaliyyətini təşkil edib, onu tənzimləyəcək, eyni zamanda, nağd pul təsərrüfatını təşkil edəcək. “Valyuta tənzimi haqqında” qanunla AMB-nin valyuta nəzarəti orqanı funksiyası olduğu kimi saxlanılır. Bank sisteminin tənzimlənməsi və nəzarəti funksiyası isə Palatanın səlahiyyətinə veriləcək. Həmçinin, bank sisteminin tənzimlənməsi, nəzarəti işi də yeni yaradalıcaq Palatanın nəzarətinə keçir. Publik hüquqi şəsx formasında yaradılan Palatanın nizamnaməsi hələ təsdiq olunmayıb. 

O qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır: “Bu gün müzakirə olunan qanunvericilik aktları zərfi məhz normativ və qanunvericilik xarakterli təkliflərin məcmusudur. Bütövlükdə Palata kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək. Palata, həmçinin "çirkli pullar"ın yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək. Kredit təşkilatları dedikdə banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, milli poçt operatorunun maliyyə xidmətləri, sığorta sektoru dedikdə isə sığorta və təkrar sığorta şirkətləri, sığorta brokerləri və agentləri nəzərdə tutulur".

Palata həmçinin sistem əhəmiyyəti olmayan ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olacaq. Sistem əhəmiyyəti olmayan ödəniş sistemləri dedikdə klirinq hesablaşma ödəniş sistemləri (elektron ödəniş kartları) Palatanın tənzimləmə sferasına daxil olacaq. Habelə bu gün mövcud olan qiymətli kağızların ticarəti üzrə klirinq və hesablaşma sistemlərinin fəaliyyətinin tənzimlənməsi hazırda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən icra edilir, gələcəkdə isə bu funksiya Palatanın mandatına daxil ediləcək.

Qeyd edilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahədə tənzimləmə və nəzarəti həyata keçirmək üçün bir neçə vasitədən istifadə edəcək. Bunlardan birincisi lisenziyalaşdırmadır. Palata yuxarıda sadalanan sahələrdə lisenziyalaşdırma aparacaq. İkincisi, Palata maliyyə sektorunda norma yaratmaq, normativ xarakterli aktlar qəbul etmək səlahiyyətlərinə malik olacaq. Üçüncüsü, Palata tənzimləmə subyektləri olan banklar, kredit təşkilatları, sığorta şirkətlərindən və kapital bazarları iştirakçılarından özünün müəyyən etdiyi forma və qaydalarda hesabatlar alacaq. Bu hesabatlar həmin təşkilatların maliyyə vəziyyəti, idarəetmə sistemlərinin effektivliyi barədə davamlı təsəvvürün və təhlillərin formalaşmasına xidmət edəcək. Dördüncüsü, Palata tənzimlədiyi maliyyə bazarları institutlarının fəaliyyətini yerindəcə yoxlayacaq. Yoxlama prinsipləri və qaydalar isə Palata tərəfindən müəyyən ediləcək. Nəhayət, tənzimlənmə və nəzarət prosesləri gedişində hər hansı qanun pozuntuları aşkar edildikdə, yaxud maliyyə bazarı subyektlərinin riskli fəaliyyəti aşkarlandıqda bu zaman təsir tədbirləri və ya sanksiya xarakterli tədbirlər tətbiq olunacaq. Bildirilib ki, AMB yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək.

O vurğulayıb ki, iclasın gündəliyində təqdim olunan qanunvericilik zərfi məhz Palatanın sadalanan mandat çərçivəsində fəaliyyəti üçün hüquqi əsaslar yaratmağa xidmət edir.

“Hazırda bank, sığorta və kapital bazarları sektorlarını müxtəlif orqanlar tənzimləyir və orada nəzarət tədbirləri həyata keçirir. Bu tənzimləyici orqanlar isə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir. Nəzərə alsaq ki, bu funksiyalar üç orqandan yeni yaradılacaq orqana keçəcək, buna görə də təklif olunmuş qanunvericilik zərfində məhz bu funksiyaların yeni quruma keçirilməsi üçün əlavə dəyişikliklər nəzərdə tutulub. Bu, “Banklar haqqında”, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında” qanunlarda, xeyli sayda sığorta və kapital bazarları ilə əlaqədar qanunlarda ediləcək dəyişikliklər haqqında qanun layihələridir. Habelə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda da məhz bu xarakterli dəyişikliyi təmin edəcək yeniliklər təklif olunur.

Bu gün müzakirə olunan qanunvericilik zərfində nəzərdə tutulur ki, Palata gələcəkdə özünün müəyyən etdiyi qaydalar çərçivəsində tənzimləmə subyektlərində yoxlamalar aparacaq. Başqa sözlə, Palatanın yoxlama funksiyaları, prosesləri ümumi qanunvericilikdən ayrılır. Bununla əlaqədar olaraq ayrı-ayrı sektoral qanunlarda keçid müddəaları nəzərdə tutulub. Ümumiyyətlə, planlaşdırılır ki, Palatanın təşkilatlandırılmasından sonra bütövlükdə maliyyə bazarlarının tənzimlənməsi haqqında ümumi bir qanun hazırlansın. Burada isə həm lisenziyalaşdırılma, həm hesabatlılıq və yoxlamalar aspektləri birlikdə əhatə olunsun.

İşçi qrupunun rəhbəri bildirib ki, Palata əməliyyat və maliyyə müstəqilliyinə malik olmalıdır. Bu nöqteyi-nəzərdən tənzimləmə subyektləri Palatanın fəaliyyətini maliyyələşdirmək üçün müəyyən haqlar ödəyəcək. Məhz bu prosedura hüququ əsas yaratmaq üçün müvafiq qanunlara əlavə və dəyişikliklər təklif olunur ki, bu əsasda Palata haqları ala bilsin.

Son xəbərlər

Orphus sistemi