"Royal Bank"ın əmanətçilərinin 1,6 mln. manatı Fondda qalıb

"Royal Bank"ın əmanətçilərinin 1,6 mln. manatı Fondda qalıb Bu, əsasən kompensasiyası üçün müraciət etməyən qeyri-rezidentlərin vəsaitləridir
Maliyyə
28 Yanvar , 2016 15:24
Royal Bankın əmanətçilərinin 1,6 mln. manatı Fondda qalıb

Bakı. 28 yanvar. REPORT.AZ/ "Royal Bank" ASC-nin əmanətçilərindən bir qismi cəmi 1,6 mln. manat ekvivalentində olan kompensasiyalarını Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) almayıblar. "Report"un verdiyi xəbərə görə, bunu ƏSF-nin icraçı direktoru Azad Cavadov bildirib: "Bunlar əsasən qeyri-rezidentlərdir. Bu məbləğ məzənnədən asılı olaraq dəyişir. Çünki burada söhbət hər üç valyutada yerləşdirilən əmanətlərdən gedir. Əgər əvvəl bu göstərici 1,3 mln. manat hesablanmışdısa, hazırkı məzənnə ilə məbləğ 1,6 mln. manatdır".

Qeyd edək ki, məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə “Royal Bank” ASC-nin lisenziyası ləğv edilib.

Mərkəzi Bank tərəfindən Fonda təqdim olunmuş 16 iyul 2012-ci il tarixli məktuba əsasən, “Royal Bank”ın öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib və bununla da sığorta hadisəsinin baş verməsi və “Royal Bank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı AMB tərəfindən təsdiq edilib. Avqustun 1-dən etibarən ƏSF “Royal Bank”ın əmanətçilərinə üç bank-agent vasitəsilə (“Muğanbank”, “AG Bank” və “Bank Respublika” ASC) kompensasiya ödənişinə başlayıb.

"Royal Bank"da ümumilikdə kompensasiya ödəniləcək əmanətlərin həcmi 17,3 mln. manat, əmanətləri qorunan əmanətçilərin sayı isə 6 422 nəfər olub. "Royal Bank"ın əmanətçilərinə ödəniləcək kompensasiyanın təxminən 8 mln. manatı "Muğan Bank", 6,5 mln. manatı "AG Bank", 2,8 mln. manatı isə "Bank Respublika" tərəfindən ödənilməli idi. Yəni kompensasiyaların 9,8%-i hələ də ƏSF-də qalıb.

Qeyd edək ki, hazırda ƏSF-nin ehtiyatları 132 mln. manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi