"Report": Yaxın aylarda Azərbaycanda dollar ucuzlaşacaq

"Report": Yaxın aylarda Azərbaycanda dollar ucuzlaşacaq ​Proqnoz: Uzunmüddətli perspektivdə dolların xeyli bahalaşacağı gözlənilir
Maliyyə
30 Aprel , 2015 16:32
Report: Yaxın aylarda Azərbaycanda dollar ucuzlaşacaq

Bakı. 30 aprel. REPORT.AZ/ Dünya maliyyə bazarında son günlər ABŞ dollarının dəyərdən düşməsi Azərbaycan manatının məzənnəsinə də təsir edib. Ötən gün ABŞ-da 2015-ci ilin ilk rübündə ÜDM-in artım göstəricisinin gözləntilərdən zəif olması ilə bağlı xəbərlər Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin yaxın aylarda artırmayacağı proqnozunu daha da gücləndirib. Nəticədə dünya maliyyə bazarlarında dollar əsas valyutalara qarşı əhəmiyyətli şəkildə zəifləyib.

"Report"un analitik qrupu xəbər verir ki, dünən səhər dollar/avro məzənnəsi 1,0960 USD/EUR səviyyəsində idisə, artıq axşam saatlarında 1,1180 USD/EUR-a yüksəlib. Bu dəyişiklik Azərbaycan bazarına da öz təsirini göstərib və artıq bu gün Azərbaycan Mərkəzi Bankı dolların rəsmi məzənnəsini 1,0487 AZN/USD səviyyəsində təsdiq edib. Halbuki dünən məzənnə 1,0494 AZN/USD olub.

"Report" analitikləri hesab edirlər ki, dolların dünya maliyyə bazarında zəifləməsi tendensiyası daha bir müddət davam edəcək və avroya qarşı məzənnəsi 1,22 USD/EUR-a qədər yüksələcək. Belə olduğu halda, Azərbaycanda milli valyutanın dollara qarşı möhkəmlənməsi davam edəcək. Qeyd etmək lazımdır ki, dolların zəifləməsi neftin dünya bazarında qiymətinin artması ilə müşayiət olunacaq. O zaman dolların Azərbaycanda məzənnəsinin 1,0450 AZN/USD səviyyəsinə qədər enməsi ehtimal olunur.

"Bu proqnozun yaxın 3-4 aylıq dövrü əhatə edəcəyi gözlənilir. Daha sonra ilin sonuna doğru dolların yenidən bahalaşacağı və neftin ucuzlaşacağı proqnozlaşdırılır. Yaxın 2-3 ildə isə ümumiyyətlə, dünyada avronun məzənnəsinin 0,85 USD/EUR-a, neftin qiymətinin isə 38-45 dollar/barelə qədər enəcəyi gözlənilir", - "Report"un analitik qrupu hesab edir.

Son xəbərlər

Orphus sistemi