Yuxarı

"Report": ​Ucuz neft yeni qlobal böhrana səbəb ola bilər

Neft sektorunun hazırkı vəziyyəti dünya iqtisadiyyatına ziyan vurur

Bakı. 9 fevral. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması qlobal iqtisadiyyatın böhranın ikinci dövrəsinə daxil olmasına səbəb ola bilər. İnkişaf etmiş və inkişafda olan ölkələrin iqtisadi vəziyyətini əks etdirən fond indeksləri yanvardakı sərt azalmadan sonra özünə gəlsələr də, yenidən düşməyə başlayıb. ABŞ-ın "Dow Jones" indeksi 16 000 səviyyəsindən, Almaniyanın DAX indeksi 9 000 səviyyəsindən aşağı enib, Yaponiyanın "Nikkei" indeksi isə ümumiyyətlə bu gün, fevralın 9-da 918 bənd və ya 5,4% azalaraq 16 000 həddinə yaxınlaşıb. Dünən, fevralın 8-də isə dünya fond birjaları indeksləri Yunanıstan banklarının və İtaliyanın "Monte Paschi" bankının səhmlərinin kəskin azalması nəticəsində düşməyə başlayıb. Qeyd edək ki, Yunanıstan bankları arasında "Eurobank Ergasias" və "Alpha Bank"ın səhmləri 15%-ə yaxın dəyərdən düşüb.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın tarixə nəzər salsaq, maraqlı faktlarla qarşılaşırıq: "2006-cı ildə ABŞ-da daşınmaz əmlak qiymətlərinin artımı dayanıb və növbəti 3 ildə azalmağa başlayıb. İpoteka kreditləşməsi sahəsində defoltlar yaşanıb və bank sektoru böhranla qarşılaşıb. Bankların sıx əlaqədə olması böhranın tezliklə ABŞ-dan kənara çıxmasına səbəb olub və qlobal kredit böhranı yaranıb. Nəticədə, şirkətlər yeni kredit ala bilmədiklərindən borclarını ödəyə bilməyib, borclar artıb, reytinqlər aşağı salınıb. Mərkəzi banklar bu vəziyyətdə dövriyəyyə girərək həssas sektorlara, xüsusən də sistem əhəmiyyətli böyük bank və şirkətlərə yardım edib".

"Hazırda dünya iqtisadiyyatını bürüyən böhran 2009-cu ilin maliyyə böhranından daha fərqli və sərtdir və onun öhdəsindən gəlmək çətin olacaq. Çünki hökumətlər və mərkəzi banklar öz resurslarını artıq ötən böhranda xərcləyərək bitirib. İndi onların sərəncamında daha az sayda "silah" qalıb. Avropa Mərkəzi Bankı (ECB) və Yaponiya Mərkəzi Bankı (BOJ) hələ də monetar ekspansiya (QE) ilə maliyyə bazarlarına müdaxilə edərək xammal, xüsusilə də neft alaraq qiymətləri stabilləşdirə bilər. Neft sektoru qlobal iqtisadiyyatın inkişafına zərər verən bəlkə də yeganə sahəyə çevrilib. OPEC üzvləri və neft hasilatçısı olan digər ölkələr razılığa gəlmədikcə və proses uzandıqca, daha sonra qlobal iqtisadi vəziyyəti bərpa etmək çətin olacaq. Qeyd edək ki, bu gün Avropanın nəhəng banklarının çoxunun səhmləri 2009-cu ilin böhranı dövründəki qiymətdən də ucuz satılır. Bu da maliyyə bazarlarının daha pis ssenari ilə üzləşdiyini göstərir", - deyə "Report"un analitikləri qeyd edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi