Yuxarı
    Bağlamaq

    "Report": Uçot dərəcəsinin artırılması real iqtisadi vəziyyətə ziddir

    Qısamüddətli perspektivdə manatın məzənnəsinin xarici amillər və neftin qiymətindən birbaşa asılılığı davam edəcək

    Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında vəziyyətin stabilləşdirilməsi məqsədi ilə görülən tədbirlər çərçivəsində bu gündən uçot dərəcəsinin 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddinin 2%, yuxarı həddinin isə 10% səviyyəsində müəyyənləşdirilməsi barədə qərar qəbul edib. Qeyd edək ki, AMB sonuncu dəfə 2015-ci il iyulun 13-də uçot dərəcəsini 3%-ə, faiz dəhlizinin aşağı həddini 0,1%-ə, yuxarı həddini isə 5%-ə salıb.

    "Report"un analitik qrupu AMB-nin milli valyutaya etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək məqsədilə etdiyi dəyişiklikləri dünya iqtisadiyyatında gedən proseslərə zidd olduğunu düşünür: "Dünyanın bir çox ölkəsi, o cümlədən Avrozona dövlətləri, Yaponiya, İsveç, İsveçrə və s. mənfi uçot dərəcələri tətbiq edərək iqtisadiyyatı canlandırmağa çalışır. Azərbaycan iqtisadiyyatının yavaşladığı bir dövrdə uçot dərəcəsinin artırılmasının iqtisadiyyata mənfi təsir edəcəyi şübhəsizdir. Bu qərar əsasən bank sisteminə müvəqqəti maliyyə dəstəyi vermək məqsədi daşıyır".

    "Report"un analitikləri hesab edirlər ki, bu qərardan sonra, banklara müəyyən qədər əhali tərəfindən likvidliyin təmin edilməsi məqsədi ilə depozitlərin limitsiz və yuxarı faiz həddi olmadan sığortalanmasının tətbiqi gözlənilir. İlkin olaraq bu qərarın banklarda depozitlər üzrə faiz dərəcələrini artıracağı gözlənilir: "Çünki banklar yüksək faizlə cəlb etdiyi sərbəst vəsaitləri daha yüksək faizlə iqtisadiyyata kredit qoyuluşlarına yönəltməyə məcbur olacaq. Lakin iqtisadi aktivliyin yavaşladığı bir dövrdə iş adamları və əhalinin yüksək faizlə kredit cəlb edəciyi inandırıcı görünmür və qeyri-real hesab olunur". 

    "Son günlər müşahidə olunan manatın möhkəmlənməsi prosesinin də müvəqqəti olduğu məlumdur. Məsələn, fevralın 11-də Rusiya Bankının rəhbəri tərəfindən rublun zəifləyəcəyi təqdirdə valyuta bazarına müdaxilə edilməyəcəyi barədə açıqlamasının ardından Azərbaycan valyuta bazarında dolların məzənnəsi 1,560 AZN/USD səviyyəsindən 1,585 AZN/USD səviyyəsinə yüksəlsə də, sonradan neft qiymətlərinin kəskin artması nəticəsində 1,570 AZN/USD-yə enib. Məhz həmin gün mütəşəkkil valyuta bazarında manatın məzənnəsi iki həftə möhkəmləndikdən sonra 0,55% ucuzlaşıb. Bu durum manatın hələ də neftin qiymətinə və qonşu ölkələrin, xüsusilə də rublun məzənnəsinə qarşı çox həssas olduğunu göstərir. Qısamüddətli perspektivdə manatın məzənnəsinin xarici amillər və neftin qiymətindən birbaşa asılılığının davam edəcəyi proqnozlaşdırılır", - deyə analitiklər qeyd ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi