​"Report": Sanksiyaların ləğvi İran iqtisadiyyatına müsbət təsir edəcək

​"Report": Sanksiyaların ləğvi İran iqtisadiyyatına müsbət təsir edəcək Artıq indidən ölkədə müəyyən canlanma müşahidə olunur
Maliyyə
20 Aprel , 2015 16:20
​Report: Sanksiyaların ləğvi İran iqtisadiyyatına müsbət təsir edəcək

Bakı. 20 aprel. REPORT.AZ/ Qərbin rəsmi Tehrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların tezliklə aradan qaldırılması ehtimalları ilk öncə İranın milli valyutasına müsbət təsir göstərib. Anlaşmadan öncə ABŞ dollarının ölkədə məzənnəsi 33 min rial olub. Məzənnə qısa müddətdə 15% enib və rial 28 000 IRR/USD-yə qədər möhkəmlənsə də, sonradan məzənnə yenidən təxminən əvvəlki vəziyyətə (32 000 IRR/USD) qayıdıb.

"Report"un analitik qrupu hesab edir ki, yerli ixracatçıların valyuta riski ilə üzləşməməsi və daxili istehsalın qorunması məqsədilə İran milli valyutasını möhkəmləndirməyəcək və hazırkı məzənnə qorunacaq.

Hazırda İranda işsizlik 10% həddindədir və nüvə anlaşması əldə olunarsa, İrana axın edəcək xarici sərmayənin işsizliyi azaldacağı proqnozlaşdırılır. İndidən artıq bəzi sahələrdə yeni iş yerlərinin açılmasında sürətlənmə görünür. İranın yerli bankları filial və şöbələrinin sayını artırmağa başlayıb. Turizm sahəsində güclü inkişaf gözlənilir ki, buna səbəb dünya əhalisinin uzun zamandır bağlı olan bir ölkəyə marağının artmasıdır.

Qeyri-neft sektorunda xarici ticarət 2014-cü ildə 102 mlrd. dollardan bir qədər artıq olub. Bunun 49 mlrd. dolları qeyri-neft ixracının payına düşüb. Bura 50 mlrd. dollarlıq neft ixracı da əlavə edildikdə ümumi xarici ticarət dövriyyəsinin 152 mlrd. dollar olduğunu görərik.

"Sanksiyaların qalxması ilə xarici ticarət həcmində yüksək artım gözlənilir. İranın uzun zamandır sənaye və kənd təsərrüfatı sahəsində texnika və avadanlıqların modernləşməsinə tələbatın yaranması, neft və neft məhsullarının ixracının sərbəstləşməsi, turizm gəlirləri və s. bu ölkənin sürətlə inkişafını təmin edəcək", - "Report" hesab edir.

Sanksiyaların ləğvindən sonra İran artıq bu il neft ixracını gündəlik 500 min barel artıra biləcək. Bu artım dünya neft qiymətlərinə təsir etməyəcək. Lakin ixracın daha çox artırılması üçün neft sektoruna investisiya qoyulması zəruridir.

Mütəxəssislərin fikrincə, iyuladək "altılıq" ölkələri ilə İran arasında tam anlaşmanın əldə olunacağı real görünmür və sadəcə olaraq tərəflər arasında aralıq bir anlaşmanın əldə ediləcəyi ehtimal olunur. Belə bir xəbər neftin qiymətini müvəqqəti yüksəldə bilər və artıq indidən neft bazarında nisbi qiymət artımı müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi