"Report": Sabah dolların məzənnəsi bir qədər də artacaq

"Report": Sabah dolların məzənnəsi bir qədər də artacaq Bugünkü hərracda kommersiya banklarının dollara tələbatı təklifi iki dəfə üstələyib
Maliyyə
2 Mart , 2016 14:35
Report: Sabah dolların məzənnəsi bir qədər də artacaq

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu gün valyuta hərracında 23 kommersiya bankına satdığı 100 mln. ABŞ dollarına qarşı faktiki tələbat 200 mln. dollardan çox olub.

"Report"un məlumatına görə, bankların dollara olan tələbatının bu dərəcədə yüksək olması nəticəsində bugünkü hərracda məzənnə 1,5843 AZN/USD-yə yüksəlib. Qeyd edək ki, hərracda formalaşan məzənnə bu günə olan məzənnədən 0,5% artıqdır. Bu da AMB-nin son zamanlar +0,2%-li gündəlik məzənnə dəyişməsi siyasətindən imtina edərək marjanı 0,5%-ə artırması deməkdir. Maraqlıdır ki, bugünkü hərracda banklar təkliflərini maksimal məzənnə ilə irəli sürüblər.

Xatırladaq ki, martın 2-nə rəsmi məzənnə 1,5764 AZN/USD səviyyəsində müəyyənləşdirilib.

"Report"un analitik qrupu hesab edir ki, AMB-nin manatın məzənnəsini zəiflətməsi hazırkı iqtisadi konyunkturda anlaşılan deyil: "Neftin qiymətinin artması və qonşu ölkələrin valyutaları, xüsusilə də rublun möhkəmlənməsi fonunda manatın məzənnəsinin azaldılmasının səbəbi aydın deyil. Bugünkü hərracın nəticələri sabah rəsmi məzənnənin 1,5843 AZN/USD-yə kimi yüksələcəyini göstərir".

"Report"un monitorinq qrupu  kommersiya banklarında nağd dolların satış məzənnəsinin artıq 1,60 AZN/USD həddini üstələdiyini bildirir.

Son xəbərlər

Orphus sistemi