Yuxarı

"Report": Qızılın qiyməti 1 120 USD/ONS-a qədər arta bilər

Lakin yaxın iki ildə qiymətin 700 dollara düşməsi proqnozlaşdırılır

Bakı. 7 yanvar. REPORT.AZ/ Dünya maliyyə bazarlarında risklərin artması fonunda qızıl kəskin bahalaşıb. "Report" xəbər verir ki, qızılın bahalaşmasına səbəb İran-Səudiyyə Ərəbistanı münaqişəsi və Çin iqtisadiyyatında zəifləmə göstərilir. Qeyd edək ki, qızıl 2016-cı ilin ilk 4 iş günündə 39,3 dollar və ya 3,7% artaraq 1 063,20 USD/ONS-dan 1 102,5 USD/ONS -a yüksəlib.

"Report"un analitik qrupu hesab edir ki, ən çox etimad edilən maliyyə aktivlərindən biri olan qızılın yaxın 2-3 həftə ərzində 1 120 USD/ONS-a qədər bahalaşması mümkündür. Lakin daha sonra qızılın qiymətinin təkrar - 1 000 USD/ONS səviyyəsinə kimi geriləməsi gözlənilir. Ümumiyyətlə, 2016-2017-ci illər ərzində qızılın 870 USD/ONS-a kimi ucuzlaşması proqnozlaşdırılır. Qlobal maliyyə bazarlarında daha pessimist ssenarilər həyata keçərsə və ya qlobal iqtisadi yavaşlamanın müddəti uzanarsa, qızılın qiymətinin hətta 700 USD/ONS-a düşməsi mümkündür.

Azərbaycanın qızıl bazarında isə qızılın qiymətinə iki əsas amil - qlobal xammal bazarında qızılın qiyməti və AZN/USD məzənnəsi təsir edəcək. Hazırda qızılın 1 qramının qiyməti dünya bazarında 35 dollara yaxın olduğundan, bunun üzərinə qızıl əşyasının hazırlanması, gömrük, nəqliyyat və s. xərclər əlavə edildikdən sonra qramı 45-50 dollara satılır. Bu günə olan manat/dollar məzənnəsini (1,65-1,70 AZN/USD) nəzərə alsaq, qızılın manatla satış qiyməti 75-85 manat arasında dəyişir. 

"Manatın yumşaq devalvasiyasının davam etməsi qızılın qiymətini daxili bazarda manat ekvivalentində daha da artıracaq. Qlobal bazarlarda qızılın qiyməti düşməyə başlayarsa, o zaman qızılın qiyməti manatın devalvasiyası ilə kompensasiya olunacaq və artım bir müddət hiss edilməyəcək. Burada manatın devalvasiyasının və qızılın dünya bazarında qiymətinin hərəkət sürəti önəmli rol oynayacaq", - deyə "Report"un analitikləri qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi