"Report": Neftin qiyməti 45 dollara yüksələ bilər

"Report": Neftin qiyməti 45 dollara yüksələ bilər ​Neft qiymətləri ABŞ-da hasilatın azalması səbəbindən və Rusiya sammiti öncəsi yüksəlir
Maliyyə
4 Mart , 2016 19:13
Report: Neftin qiyməti 45 dollara yüksələ bilər

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın kommersiya məqsədli (strateji ehtiyatlar istisna olmaqla) neft ehtiyatları 25 fevral - 3 mart tarixlərində 2% artaraq 10,4 mln. barel yüksəlib. Buna baxmayaraq, gündəlik neft hasilatı 25 min barel və ya 0,27% azalaraq 9,077 mln. barelə enib. Bu da 2014-cü ilin noyabr ayından etibarən ən minimal hasilat səviyyəsidir və investorlarda neft "bum"unun tədricən azalması fonunda optimist ümidlər yaradıb. Nəticədə "Brent" markalı neftin qiyməti 37 dollar/barel həddini keçib. Qeyd edək ki, "Brent" markalı neft yanvarın 5-dən etibarən 37 dollardan yuxarı satılmayıb. ABŞ Energetika Nazirliyinin verdiyi məlumata görə, neft hasilatı ardıcıl 6 həftədir ki, azalma tendensiyası göstərir.

"Report" xəbər verir ki, neftin bahalaşmasına səbəb digər amil isə martın 20-də Rusiyada OPEC və digər hasilatçı ölkələrin neft sammitindən gözlənilən müsbət qərarlardır. Venesuela prezidenti Nikolas Maduro görüş barədə bildirib ki, sammitdə iyun ayına qədər hasilatın dondurulacağı gözlənilir. Əlavə olaraq, iştirakçılar Venesuelanın neft bazarının canlandırılması ilə bağlı planlarını müzakirə edəcək: "Neft qiymətlərinin azalması artıq dayanıb və tədricən artmağa başlayıb".

Nigeriyanın neft naziri Emmanuel Kaçikvu Rusiyada keçiriləcək görüş barədə danışaraq bildirib ki, əsas məqsəd neftin qiymətini 50 dollar/barel səviyyəsinə çatdırmaqdır. O, İran tərəfinin görüşdə iştirak edib-etməyəcəyi barədə dəqiq məlumatın olmadığını vurğulayıb.

Qeyd edək ki, Qətərin paytaxtı Dohada fevralın 16-da Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın iştirakı ilə keçirilən görüşdə hasilatın 11 yanvar səviyyəsində dondurulması təklifi ilə bağlı razılıq əldə olunub. Daha sonra bu razılaşmaya Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt və BƏƏ qoşulacağını bildirib. İran və İraq isə neft bazarında vəziyyətin sabitləşməsinə dəstək verəcəklərini, amma hasilatı azaltmayacaqlarını açıqlayıblar.

"Report"un analitik qrupu hesab edir ki, Rusiya görüşündə müsbət nəticə əldə edilərsə, yaxın perspektivdə "Brent" markalı neftin qiymətinin 45 dollar/barelə yüksəlməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi