​"Report": Hazırda yeni devalvasiya üçün heç bir əsas yoxdur

​"Report": Hazırda yeni devalvasiya üçün heç bir əsas yoxdur Lakin əsas ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların daha da ucuzlaşması Azərbaycana ciddi təsir edəcək
Maliyyə
27 Aprel , 2015 16:10
​Report: Hazırda yeni devalvasiya üçün heç bir əsas yoxdur

Bakı. 27 apre. REPORT.AZ/ Azərbaycanın idxal əməliyyatlarında əsas tərəfdaşları olan dövlətlərdə (Rusiya, Türkiyə, Almaniya, Çin, İtaliya) milli valyutaların son bir ildə ABŞ dollarına qarşı 27-45% devalvasiyası baş verib. Son 7 ildə isə bu ölkələrdəki devalvasiya 45-122% arasında olub.

Bununla bağlı araşdırma aparan "Report" agentliyinin analitik qrupu qeyd edir ki, prosesin 7 illik dövr üzrə aparılması məhz həmin dövrdə avronun dollarla müqayisədə ən yüksək həddə çatması ilə bağlıdır.

Cari ilin ilk rübündə Azərbaycanın dollar ekvivalentində ən çox mal idxal etdiyi ölkə Rusiya (335 mln. dollar) olub. Qeyd edək ki, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 20,3% çoxdur. Rusiya rublunun ABŞ dolları ilə müqayisədə son 7 ildə 122%, son bir ildə isə 45% ucuzlaşdığı müşahıdə olunub.

Türkiyənin milli valyutası (lirə) isə son 7 ildə dollarla müqayisədə 110%, son bir ildə 30% ucuzlaşıb. Türkiyədən Azərbaycana idxal 2015-ci ilin ilk rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 323 mln. dollar təşkil edib.

Avropa İttifaqı ölkələri olan Almaniya və İtaliyanın pul vahidi avro isə son 7 ildə dollara nəzərən 45%, son bir ildə isə 27% dəyərdən düşüb. Almaniyadan idxal keçən ilin ilk rübü ilə müqayisədə 10% artaraq 170 mln. dollar, İtaliya ilə isə 180% artaraq 112,5 mln. dollar olub.

Nəticədə bu ilin I rübündə Azərbaycanın idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 38% artaraq 2 428,5 mln. dollar təşkil edib. Əslində, ABŞ dolları adıçəkilən ölkələrdə möhkəmləndiyinə görə idxal orta hesabla ABŞ dolları ekvivalentində 35% azalmalı idi. Çünki idxal olunan mallara ABŞ dolları ilə orta hesabla 35% daha az vəsait ödənilib. İdxalın ilk rübdə 38% artması və ixracın ABŞ dolları ekvivalentində 37% azalaraq 3 383,7 mln. ABŞ dolları təşkil etməsi Azərbaycanın xarici ticarət balansını pozub. Bu vəziyyətin davam etməsi məqsədəuyğun sayılmadığından Azərbaycan öz növbəsində devalvasiya "kampaniyası"na qoşulub. Hazırda önəmli şərt kimi idxalın azaldılması və ixracın artırılması məsələləri gündəlikdə durub. Ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların ucuzlaşdırılması tendensiyasının davam etməsi Azərbaycana da ciddi təsir edəcək və bu halda manatın yenidən devalvasiyası gündəmə gələcək.

"Hazırda isə devalvasiya üçün heç bir səbəb görünmür. Neftin qiymətinin artması və əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının bir qədər möhkəmlənməsi bunu deməyə əsas verir", - "Report"un analitikləri bildirir.

Son xəbərlər

Orphus sistemi