"Report": FES-in uçot dərəcəsini artırması üçün yeni səbəb yaranıb

"Report": FES-in uçot dərəcəsini artırması üçün yeni səbəb yaranıb Proqnoz: Neft qiymətləri düşdükcə FES faizləri artıracaq
Maliyyə
2 İyun , 2016 12:00
Report: FES-in uçot dərəcəsini artırması üçün yeni səbəb yaranıb

Bakı. 2 iyun. REPORT.AZ/ Qlobal neft bazarında 2014-cü ilin ortalarından etibarən qiymətlərin düşməyə başlaması ilə dünyanın iki ən çox neft hasil edən ölkəsi olan Rusiya və Səudiyyə Ərəbistanı 52,4 mlrd. dollar həcmində ABŞ istiqrazlarını satmaq qərarına qəlib. "Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin illik hesabatında qeyd olunub. Məhz neft qiymətlərinin kəskin azalması hər iki ölkənin Maliyyə nazirliklərini artan büdcə kəsirlərini örtmək üçün yeni maliyyələşmə mənbələri axtarmağa məcbur edib.

Keçən ay S.Ərəbistanı indiyədək əldə etdiyi ABŞ istiqrazları və digər qiymətli kağızlarının həcmini açıqlayıb. Bu ilin mart ayında bu göstərici 3 mlrd. dollar və ya 2,5% azalaraq aprelin əvvəlinə 116,8 mlrd. dollara enib. 2015-ci il ərzində isə ABŞ-ın S.Ərəbistanına borc yükü 26 mlrd. dollar azalıb. Analitiklər iyulda S.Ərəbistanının daha 15 mlrd. dollarlıq ABŞ istiqrazlarını satacağını proqnozlaşdırırlar.

Rusiya da öz növbəsində ABŞ sanksiyalarına cavab olaraq və büdcəyə maliyyə dəstəyi məqsədi ilə 2008-ci ildən etibarən müntəzəm olaraq bu ölkənin qiymətli kağızlarını satır. Belə ki, 2008-ci ildən 2015-ci il iyul ayının 1-dək Rusiya ABŞ-a verdiyi borcun həcmini 2 dəfədən çox azaldaraq 73 mlrd. dollara qədər endirib.

ABŞ Maliyyə Nazirliyinin hesabatında Rusiya və S.Ərəbistanının ABŞ qiymətli kağızlarını satması istisna hal kimi dəyərləndirilib. Çünki, Avropa və Yaponiyada faizlərin neqativ olması səbəbindən bir çox ölkə ABŞ qiymətli kağızlarına investisiya həcmini artırıb. Hesabatda 2015-ci il iyulun 1-nə xarici investorlarda rekord həcmdə - 17,1 trln. dollarlıq Amerika qiymətli kağızlarının olduğu bildirilir. Son 12 ay ərzində bu göstərici 4% artıb.

"Report"un analitik qrupu hesab edir ki, neft hasil edən ölkələrin büdcə kəsiri ilə əlaqədar problemləri həll etmək üçün ABŞ qiymətli kağızlarını satmağa davam edəcəyi gözlənilir. Bu ölkələr son 10 ildə yüksək neft qiymətləri fonunda əldə etdiyi vəsaitlərin böyük bir hissəsini məhz ABŞ istiqrazlarına yatırıb. ABŞ isə öz növbəsində ölkədən maliyyə axınının qarşısını almaq üçün digər ölkələri bu kağızlara cəlb etmək məqsədilə uçot dərəcəsini artırmaq məcburiyyəti ilə üzləşib. Bu səbəbdən Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini müntəzəm olaraq yüksəltməyə davam edəcəyi gözlənilir. Neft qiymətləri bu səviyyədə və ya daha aşağı enərsə, FES-in uçot dərəcəsini artırması qaçılmaz olacaq. Yəni, neft qiymətləri ilə uçot dərəcəsi bir müddət tərs korrelyasiya göstərəcək.

Son xəbərlər

Orphus sistemi