Yuxarı

​"Report": Dolların valyuta ehtiyatlarında payı artacaq

Son 4 il ərzində avronun beynəlxalq hesablaşmalarda payı 44%-dən 29%-ə enib

Bakı. 9 iyun. REPORT.AZ/ Dollar və avronun qlobal valyuta ehtiyatlarında payı 2015-ci ilin yekununda son 15 ilin ən minimal səviyyəsinə enib. 

"Report" xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (ECB) yaydığı məlumatda qeyd olunub. Bank avronun dünya valyuta ehtiyatlarında xüsusi çəkisinin azalaraq 19,9%-ə endiyini bildirib. Dolların xüsusi çəkisi isə 2016-cı il yanvarın 1-nə 64,1% təşkil edib. Qeyd edək ki, 2015-ci il yanvarın 1-də bu göstərici 65% olub. 2007-ci ilin qlobal maliyyə böhranı başlayandan dolların valyuta ehtiyatlarındakı xüsusi çəkisi 5 faiz bəndi azalıb.

ECB rəhbəri Mario Dragi məruzəsində bildirib ki, avro və dolların dünya valyuta ehtiyatlarındakı xüsusi çəkisi getdikcə azalır. Avro ikinci önəmli valyuta olsa da, dollardan ciddi şəkildə geri qalır. Məruzədə həmçinin qeyd olunub ki, dollar və avronun payının azalması beynəlxalq pul-maliyyə sisteminin çoxşahəli inkişafı tendensiyası ilə bağlıdır. Məhz bu səbəbdən qlobal valyuta ehtiyatlarında ənənəvi olmayan valyutaların xüsusi çəkisi artmağa başlayıb. Belə ki, Kanada və Avstraliya dollarlarının dünya valyuta ehtiyatlarında xüsusi çəkisi 2008-ci ildəki 2,8%-dən 2015-ci ildə 6,8%-ə yüksəlib. ECB rəhbəri hesab edir ki, bu tendensiyanın yaranmasına səbəb mərkəzi bankların siyasətlərindəki dəyişikliklər və qlobal iqtisadi gözləntilərin pisləşməsidir. 

Xatırladaq ki, ECB dövlət istiqrazları üzrə faiz dərəcələrini mənfiyə endirib. Bu da Avrozona ölkələrində faiz dərəcələrinin minimal səviyyəyə enməsinə yol açıb. Analitiklər bunu 2015-ci ilin ortalarından başlayaraq investorların Avrozona qiymətli kağızlarına maraqlarının azalması ilə izah edib.

Dolların valyuta ehtiyatlarında xüsusi çəkisinin azalmasına baxmayaraq, hesablaşmalarda ABŞ valyutasının payı artmağa davam edib. Buna əsas səbəb isə avro ilə hesablaşmaların azalması olub. Belə ki, 2016-cı ildə maliyyə hesablaşmaları və sövdələşmələrinin 43%-i dollarda aparılıb. Son 4 il ərzində bu göstərici 1,5 dəfə artıb. Avronun payı isə son 4 il ərzində 44%-dən 29%-ə enib. Çin yuanı ilə aparılan hesablaşmalar 2% təşkil edir və hər iki valyutadan ciddi şəkildə geri qalsa da artıq Yaponiya yeninə çatıb.

"Report"un analitik qrupu hesab edir ki, dolların valyuta bazarında möhkəmlənməyə davam etməsi ilə onun qlobal valyuta ehtiyatlarında xüsusi çəkisi yenidən artmağa davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi