Yuxarı

"Report": Dolların möhkəmlənməsi davam edəcək

FES uçot dərəcəsinin artırılması planlarına dəyişiklik edə bilər

Bakı. 18 fevral. REPORT.AZ/ Federal Ehtiyat Sisteminin (FES) rəhbərliyi qlobal iqtisadi vəziyyət və ABŞ-dakı inflyasiya gözləntiləri ilə bağlı narahatlığını dilə gətirərək uçot dərəcəsinin artırılması planlarına dəyişiklik edə biləcəyini bildirib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, FES-in dekabrdakı son iclasında 2016-ci ildə 4 mərhələli faiz artımı ilə bağlı qərarın səsləndirilməsindən sonra müəyyən dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılıb. 

FES uçot dərəcəsinin artırılması planlarındakı mümkün dəyişikliyi 3 əsas səbəblə izah edir. Belə ki, ilk növbədə FES Çin iqtisadiyyatındakı yavaşlamadan narahatdır. Maliyyəçilərin fikrincə, Çin iqtisadiyyatındakı yavaşlama inkişaf etməkdə olan ölkələr, xüsusilə ABŞ-ın Meksika və Kanada kimi əsas ticarət tərəfdaşlarının maliyyə sistemində gərginlik yarada bilər. "Bloomberg" hesab edir ki, FES-in martın 15-16-da keçiriləcək növbəti iclasına qədər Çin iqtisadiyyatının perspektivləri müəyyən olmasa, hər hansı bir faiz artımından söz gedə bilməz.

FES üçün digər narahatlıq doğuran məsələ qlobal maliyyə bazarındakı sərt dalğalanmalarla bağlıdır. Fond birjalarında səhmlərin ucuzlaşması və kredit spredlərinin genişləməsi uçot dərəcəsinin artırılmasını ertələyə bilər.

Eyni zamanda, ABŞ iqtisadiyyatının gələcəyi daha qeyri-müəyyən mərhələyə qədəm qoyduğundan, inflyasiya ilə bağlı proqnozların verilməsi çətinləşir. Dekabrda FES üzvləri 2017-ci ilin sonuna 2%-lik inflyasiya hədəfinə çatacaqlarını bildirsələr də, hazırda bu tarix naməlum vaxta kimi ertələnib. Bu da uçot dərəcəsinin artırılmasını ləngidəcək.

"Report"un analitik qrupu hesab edir ki, FES uçot dərəcəsini artırmasa da, Avropa Mərkəzi Bankı və Yaponiya Mərkəzi Bankının mənfi uçot dərəcələrini tətbiq etməsi nəticəsində genişlənən faiz spredləri fonunda dolların möhkəmlənməsi prosesi davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi