Yuxarı

"Report": Dolların məzənnəsi 1,40-1,45 AZN/USD-yə qədər enəcək

​Dünya bazarında neftin qiyməti 50 dollar/barelə kimi yüksələcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Dünya bazarında neft qiymətləri artıq gələn aydan etibarən yüksəlməyə başlayacaq. Bundan öncə isə qiymətlərin bir daha 30 dollar/bareldən aşağı düşməsi ehtimalı var. Fevralın əvvəlindən etibarən yüksəlişə başlayacaq neft qiymətlərinin əvvəl 38 dollar/barel, daha sonra isə 45-50 dollar/barelə qədər artacağı gözlənilir. "Report"un Analitik Qrupunun apardığı araşdırma belə bir proqnozla çıxış etməyə əsas verir. 

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi (FES) dünən, yanvarın 27-də keçirilən toplantısı yekununda uçot dərəcəsini dəyişdirməyib və 0,25-0,50% diapazonunda saxlayıb. FES rəhbəri Janet Yellen mart ayında baş tutacaq növbəti iclasda faizlərin artırılması üçün ABŞ iqtisadiyyatı və qlobal iqtisadi konyunkturun uyğun olması zəruriliyini vurğulayıb. Yellenin açıqlamasından sonra mart ayında faiz artımı ilə bağlı ehtimallar 25%-dən 19%-ə enib.

"Report"un analitikləri hesab edirlər ki, J.Yellenin faizləri artırılması prosesinin davam etməsi üçün ABŞ iqtisadiyyatında bir sıra göstəricilərin, xüsusilə inflyasiya, işsizlik və iqtisadi aktivliyin müsbət istiqamətdə dəyişməsi izlənməlidir. ABŞ-da inflyasiyanın artması üçün isə neft qiymətlərinin yüksəlməsi zəruridir. Məhz bu səbəbdən neftin bahalaşması proqnozlaşdırılır: "Lakin bu artım neft bazarının hazırkı vəziyyəti nəzərə alınaraq baş verəcək. Yəni, İran neftinin bazara çıxması, ABŞ-da şist neft hasilatının azalmaması kimi amillər diqqətə alınaraq qiymət artımı 50 dollar/bareldə məhdudlaşacaq. Bundan başqa, qlobal iqtisadiyyatda müsbət tendensiya müşahidə olunmalıdır ki, FES faiz artımını davam etdirsin. Bu da qlobal fond birjalarının bir müddət sonra artmağa başlaması zərurəti yaradır".

"Sadalanan bu ehtimallar fonunda Azərbaycan manatının da möhkəmlənməsi, manata inamın artması gözlənilir. Nəticədə, dolların məzənnəsinin 2016-cı ilin ortalarına qədər 1,40-1,45 AZN/USD-yə qədər enməsi proqnozlaşdırılır. Daha sonra isə qlobal bazarların vəziyyəti və neft qiymətlərindən asılı olaraq manatın bir qədər zəifləməsini müşahidə edə bilərik", - deyə analitiklər qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi