Yuxarı

"Report": Dolların manata qarşı ucuzlaşması davam edəcək

Proqnoz: Dolların sabaha rəsmi məzənnəsi isə bir qədər artacaq

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirdiyi növbədənkənar valyuta hərracında kommersiya banklarının ABŞ dollarına real tələbi faktiki satışı 3 dəfə üstələyərək 150 mln. dollara çatıb. Qeyd edək ki, hərracda valyuta əməliyyatları əsasən 1,5231 AZN/USD məzənnəsi ilə aparılıb. 

"Report"un analitik qrupu hesab edir ki, tələbin təklifi 3 dəfə üstələməsinə baxmayaraq, alış-satış məzənnəsinin bugünkü rəsmi məzənnə ilə münasibətdə cəmi 0,0038 manat və ya 0,25% artması onu göstərir ki, kommersiya bankları dolların rəsmi məzənnəsinin artmasında maraqlı deyil. 

Qeyd edək ki, kommersiya bankları aprelin 4-dən etibarən son 3 gündə nağd valyuta bazarından dolların alışını 1,56-1,57 AZN/USD səviyyəsindən həyata keçirib. Bu da ehtimal etməyə əsas verir ki, banklar bugünkü alışla öz dollar ehtiyatının orta məzənnəsini (maya dəyərini) aşağı salaraq növbəti günlərdə normal (gəlirli) satış həyata keçirmək istəyir.

"Report"un monitorinq qrupu bildirir ki, dünən 1,5600-1,5770 AZN/USD olan ən yaxşı alış-satış məzənnəsi hazırda 1,52-1,54 AZN/USD-yə enib. Yəni, son günlərdə yaranan dollar ajiotajı artıq səngiyir. 

"Əslində, hərraca çıxarılan valyutaya olan üçqat tələb məzənnəni kəskin artırmalı idi. Lakin hərracın gedişi və nəticələri onu göstərir ki, bankların maraqları dolların həcmi ilə deyil, onun aşağı məzənnəsi ilə bağlıdır. Əksinə olsa idi, banklar daha yuxarı məzənnə ilə sifarişlər irəli sürərdır. Bu səbəbdən, önümüzdəki günlərdə dolların rəsmi məzənnəsinin enməsi, yəni manatın möhkəmlənməsi davam edəcək. Sabah üçün isə rəsmi məzənnənin bir qədər artaraq 1,5231 AZN/USD-yə çatması gözlənilir. Lakin AMB aprelin 8-də daha bir satış hərracı keçirərsə, bu hərracda tələbin bugünkü qədər yüksək olacağı gözlənilmir. Bu da yenidən rəsmi məzənnəni geri çəkə bilər", - deyə "Report"un analitikləri qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi