"Report": ​Dollar bahalaşacaq

"Report": ​Dollar bahalaşacaq Dolların möhkəmlənməsi neftin qiymətinə neqativ təsir edəcək
Maliyyə
23 Fevral , 2016 17:35
Report: ​Dollar bahalaşacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ehtimalları və Avropa Mərkəzi Bankının mart ayında monetar ekspansiyanın həcmini artıra biləcəyi barədə açıqlamalar funt sterlinq və avronun zəifləməsinə, dolların isə möhkəmlənməsinə səbəb olub. 

"Report" xəbər verir ki, son iki həftə ərzində dollar avroya nəzərən 3,2% möhkəmlənərək 1,1378 USD/EUR səviyyəsindən 1,1013 USD/EUR-a çatıb. Funt sterlinqlə müqayisədə isə dollar son 3 həftədə 3,8% möhkəmlənərək 1,4670 USD/GBP-dan 1,4112 USD/GBP-yə kimi geriləyib. 

Qeyd edək ki, USD/GBP məzənnəsinin 1986-cı ildən sonra ən minimal səviyyəsi 2009-cu ilin yanvarında (1,3498 USD/GBP), maksimal həddi isə 2007-ci ilin noyabrında (2,1161 USD/GBP) qeydə alınıb. Hazırda bu minimal səviyyəyə çatmaq üçün dolların funta nisbətən 4,4% möhkəmlənməsi lazımdır.

"Societe General" Bankının hesablamalarına görə, Britaniyanın Aİ-dən ayrılması Avrozonada yaxın 5 ildə ÜDM-in hər il 0,25% azalmasına səbəb olacaq. O cümlədən, Aİ B.Britaniya ilə ticarət əməliyyatlarında ciddi zərərlə üzləşəcək. Qeyd edək ki, hazırda bu iki tərəfdaş arasında ticarət dövriyyəsi Çin ilə mal dövriyyəsindən iki dəfə artıqdır. Üstəlik, Avrozonada işgüzar aktivlik indeksinin son bir ilin minimal səviyyəsinə (52,7) enməsi Mərkəzi Bankı əlavə tədbirlər görməyə vadar edir. Əməkhaqlarının son 5 ilin, qiymətlərin isə son 1 ilin minimal səviyyəsinə enməsi Avropa Mərkəzi Bankını monetar ekspansiyanı daha da gücləndirməyə məcbur edəcək. Avrozonada mənfi uçot dərəcəsinin tətbiqi isə avroya təzyiqləri artıracaq. Əksinə, ABŞ iqtisadiyyatı normal inkişaf tempini qoruyub saxlayır. Yanvar ayı üzrə inflyasiya göstəricisinin proqnozlardan yüksək olması, ÜDM artımının müsbət tendensiyası Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmaq şanslarını qoruyub saxlayır. Bu səbəbdən dolların möhkəmlənməsi prosesinin davam edəcəyi ehtimal edilir.

"Report"un analitik qrupu hesab edir ki, yuxarıda sadalanan səbəblərdən dolayı USD/EUR məzənnəsinin yaxın aylarda paritetə doğru irəliləməsi, funt sterlinqin məzənnəsinin isə 1,30 USD/GBP-yə çatması mümkündür. Dolların qlobal valyuta bazarında möhkəmlənməsinin Azərbaycan manatına da təsir edəcəyi gözlənilir. Dolların manata qarşı bir qədər möhkəmlənərək 1,60 AZN/USD səviyyəsinə doğru irəliləməsi mümkündür. Dolların güclənməsi öz növbəsində xammal, xüsusilə də neftin qiymətinə təsir edəcəyi ehtimal olunur. Belə ki, neftin ucuzlaşması və qiymətin 25 dollar/barelə düşməsi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi