Yuxarı
    Bağlamaq

    ​"Report": Devalvasiya yığım amilinin aktuallığını artırıb - İCMAL

    Report agentliyi manatın devalvasiyasından sonra vəsaitlərin hansı formada saxlanılmasına aydınlıq gətirib

    Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanda milli valyutanın fevralda həyata keçirilən devalvasiyası uzun müddətdir sabit olan ölkə iqtisadiyyatında yeni bir eranın başlanğıcının əsasını qoyub. Yığım sahibləri, yəni sadə dildə desək önəmli vəsaiti olan insanlar pullarını hara yatıracaqları barədə daha ciddi düşünməyə başlayıblar.

    Normal şəraitdə ABŞ dolları alaraq banka valyuta depoziti açmağı düşünən insanlar indi iqtisadi vəziyyəti daha yaxından təqib edərək bu fikirlərində bir qədər tərəddüdə düşüblər. Bank sisteminə etimadın devalvasiya sonrası bir qədər zəifləməsi əhalini, potensial investorları bu nəticəyə gəlməyə vadar edib. Lakin onlar pulu əldə (evdə) nağd şəkildə də saxlamaq istəmirlər. Çünki, bu həm təhlükəli, həm də qazanc gətirməyən bir variantdır.

    "Report"un analitik qrupunun apardığı hesablamalara əsasən, hazırkı iqtisadi konyunkturada neftin qiyməti Azərbaycan iqtisadiyyatı və maliyyə sistemi üçün böyük önəm təşkil edir və yaxın perspektiv üçün məhz bu qiymət dinamikası yığım sahiblərinin gələcək davranışı üçün önəmli olacaq. Qısa müddətdə neftin qiymətinin 60 dollar/barel ətrafında qalacağını nəzərə alaraq manatla banklarda depozit qoyulması tövsiyə olunur. Nəzərə alsaq ki, əmanətlərin sığortalanması üzrə faizlər də 12%-dək yüksəldilib, bank depozitləri qısa müddətdə ən optimal investisiyadır.

    Daha mühafizəkar yatırımçılar isə hazırda cazibədar olan əmlak bazarına üz tuta bilərlər. Lakin əmlak bazarı elə bir seqmentdir ki, dünya iqtisadiyyatı neqativə doğru dəyişsə, əmlak sahibləri bu bazarda önəmli zərərlə üzləşə bilərlər. Muhafizəkarlar üçün başqa bir investisiya vasitəsi də qızıldır. Lakin unutmamalıyıq ki, dolların güclənməsi fonunda qızılın ucuzlaşması davam edəcək. Bununla yanaşı, hər hansı hərbi konflikt baş verərsə, qızılın qiymətinin yüksəlmə ehtimalı var və o, daşınmaz əmlakla müqayisədə daha likvid (pula daha tez çevirmək mümkündür) aktivdir.

    Valyutalar arasında seçim etmək lazım gələrsə, orta müddətdə ABŞ dollarına investisiya etmək daha məntiqlidir. Avrozonanın iqtisadi vəziyyəti, xüsusilə Yunanıstan problemi diqqətə alındıqda hələlik avrodan uzaq durulması tövsiyə olunur. Əlavə etmək lazımdır ki, Avropa Mərkəzi Bankı Avrozona ölkələrinin iqtisadiyyatını dəstəkləmək məqsədilə monetar ekspansiyaya başlayıb. Bu da öz növbəsində avro bolluğu yaradaraq onun məzənnəsini azaldacaq. Nəticədə, Avrozona iqtisadiyyatları rəqabətə davamlılıqlarını artıracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi