Yuxarı
    Bağlamaq

    ​"Report": Çin yumşaq devalvasiyaya gedə bilər

    Çində iqtisadi artım zəifləyir, pul kütləsinin artım tempi isə son 17 ilin minimumuna enib

    Bakı. 14 aprel. REPORT.AZ/ Çindən gələn statistika xəbərləri ölkə iqtisadiyyatında zəifləmə prosesinin başladığına işarə edir. Bu gün açıqlanan xarici ticarət göstəriciləri də bunu deməyə əsas verir. Belə ki, bu ilin mart ayında Çində ixracın həcmi illik müqayisədə 15% azalaraq 474,6 mlrd. dollardan 403,4 mlrd.-a, idxal isə 12,7% - 148,5 mlrd. dollara aədər geriləyib.

    "Report" xəbər verir ki, xarici ticarət profisiti 3,08 mlrd. dollara düşüb. Halbuki, Çində fevral ayında xarici ticarət balansının profisiti 60,6 mlrd. dollar olub. Qeyd edək ki, 2014-cü ildə Çində ÜDM 7,4% artıb. Bu da son 24 ilin ən aşağı göstəricisidir. Bu il üçün isə Çin höküməti 7%-lik iqtisadi artım proqnozlaşdırır.

    "Daiwa Capital" şirkətinin iqtisadçısı Kevin Lay Çində daxili tələbatın hələ də zəif olduğunu bildirir. Çin iqtisadiyyatının ixracdan çox daxili bazardan asılı olduğunu bildirməklə, ÜDM-in bu il gözlənilən səviyyədən aşağı olacağı ortaya çıxır. İqtisadiyyatın sürətlənməsini stimullaşdırmaq üçün Çin höküməti müxtəlif vasitələrə əl atır və müxtəlif infrastruktur layihələrini həyata keçirir.

    Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Çində iqtisadiyyatı bu il 6,3% artacaq. Çin Mərkəz Bankının məcburi ehtiyat normasını aşağı salmaq kimi ənənəvi monetar alətləri artıq effekt vermir. Yanvar ayına olan məlumatlara görə, Çində pul kütləsi 10,8% artım göstərib. Bu, 1998-ci ildən bəri ən aşağı göstəricidir.

    BVF Çinin iqtisadiyyatını gücləndirmək üçün milli valyutası olan yuanın devalvasiyasına gedə biləcəyini də istisna etmir. HSBC Bankının iqtisadçısı Ma Syaopin martda ixracın kəskin şəkildə azalmasını yuanın son zamanlar möhkəmlənməsi ilə əlaqələndirir. Qeyd edək ki, ötən ay 6,27 CNY/USD olan məzənnə hazırda 6,21 CNY/USD səviyyəsindədir. Yəni, yuan keçən ayla müqayısədə 1% möhkəmlənib. Bu isə Çin iqtisadiyyatının rəqabət qabiliyyətliliyini davam etdirməsi üçün önəmli maneədir. Nəzərə alaq ki, dünyanın əksər ixrac potensialı olan ölkələri milli valyutasının devalvasiyasını həyata keçırib. Qeyd edək ki, yuan 2014-cü il yanvarın 14-də dollarla müqayisədə 6,0395 CNY/USD səviyyəsində tarixi maksimal həddə çatıb. Hazırda yuan həmin səviyyədən 2,85% geriləyib.

    İyun ayından etibarən ABŞ dolları dünyanın 7 ən likvid valyutası ilə müqayısədə 18%, yuana nəzərən isə 0,6% bahalaşıb. Devalvasiya çinli ixracatçılara öz itkilərini kompensasiya etmək imkanı yarada bilər. Artan idxal qiymətləri isə deflyasiyanın qarşısını ala bilər. Yaponiya və Avropa İttifaqının monetar ekspansiya qərarları fonunda Çinin devalvasiya etməsi real görünür. Devalvasiyaya mane olan isə iki səbəb var. Birincisi, bu, kapitalın xaricə axmasının qarşısını alacaq və 1 trln. dollara yaxın xarici borcu olan Çin şirkətlərinin borcları yuan ekvivalentində artacaq. İkincisi, devalvasiya Çinə siyasi zərbə kimi qiymətləndirilir və yuanın uzunmüddətli perspektivdə ABŞ dollarına rəqib olmaq şanslarını minimuma endirir.

    Lakin, ekspertlərin fikrincə, yuanın bir qədər zəiflədilməsi zəruridir. Bu, cari əməliyyatlar hesabında getdikcə azalan profisitin artmasına kömək edər və ölkədən kapital axınının qarşısını alar.

    "Report"un analitik qrupu hesab edir ki, Çin milli valyutasını bu il 6,5 CYN/USD səviyyəsinə qədər devalvasiya edə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi