"Report": Bu il ​Azərbaycanın xarici ticarət balansı müsbət saldo ilə bitəcək

"Report": Bu il ​Azərbaycanın xarici ticarət balansı müsbət saldo ilə bitəcək 2016-cı ildə tədiyyə balansının ümumi kəsirinin 2 dəfədən çox azalacağı gözlənilir
Maliyyə
2 Fevral , 2016 11:39
Report: Bu il ​Azərbaycanın xarici ticarət balansı müsbət saldo ilə bitəcək

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın xarici ticarət balansının 2016-cı il yekununda 7 mlrd. ABŞ dolları həcmində müsbət saldo ilə tamamlanması ehtimal edilir. "Report"un analitik qrupu tərəfindən aparılan təhlillərə əsasən, bu il üçün neftin orta qiyməti 40 dollar/bareldən götürülərsə, neft-qaz sektorunda rüblük ixracın 2,7 mlrd. dollar olacağı gözlənilir. Qeyri-neft sektoru üzrə isə ixrac proqnozu rüblük 400 mln. dollar həcmində ehtimal olunur. İdxalın həcminin rüblük orta hesabla 1,3 mlrd. dollar olması proqnozlaşdırılır. Nəticədə, xarici ticarət balansının orta rüblük müsbət saldosu 1,8 mlrd. dollar təşkil edəcək ki, ilin yekununda bu, təxminən 7 mlrd. dollara çatacaq.

Qeyd edək ki, 2016-cı ilin ilk rübündə idxalın həcmində ciddi azalma gözlənilir. Bu, əsasən dekabrda baş verən ikinci devalvasiyadan sonrakı idxal mallarının kəskin bahalaşmasının əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirilir. Bundan başqa, gömrük prosedurlarında rəsmiləşdirmə qaydalarında dəyişikliklərin edilməsi nəticəsində xərclərin artması idxal mallarının bir qədər də bahalaşmasına səbəb olub. Qeyd edək ki, 2015-ci ilin I rübündə 2,1 mlrd dollar olan idxal III rübdə 1,5 mlrd. dollara düşüb. Məhz sadalanan səbəblərdən qeyri-neft sektorunda idxalın 2016-cı ildə orta rüblük həcminin 1 mlrd. dollar, neft-qaz sektoru üzrə isə 300 mln. dollar olacağı ehtimal edilir.

Ümumiyyətlə, tədiyyə balansının 2015-ci ilin ilk üç rübü üzrə 9,14 mlrd. dollarlıq mənfi saldo ilə bitməsinə baxmayaraq, 2016-cı ildə tədiyyə balansının ümumi kəsirinin balansın digər komponentlərində müşahidə olunacaq müsbət dinamika fonunda 4 mlrd. dollar həddini aşmayacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi