"Report": Bu il Azərbaycanda büdcənin neft sektorundan daxilolmaları sabit qalacaq - TƏHLİL

"Report": Bu il Azərbaycanda büdcənin neft sektorundan daxilolmaları sabit qalacaq - TƏHLİL Neftin orta illik qiyməti artarsa, bu, qeyri-neft sektoru üzrə itkiləri kompensasiya edə bilər
Maliyyə
13 Fevral , 2016 11:26
Report: Bu il Azərbaycanda büdcənin neft sektorundan daxilolmaları sabit qalacaq - TƏHLİL

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsinin neft sektorundan daxilolmaları xarici valyutada proqnozda nəzərdə tutulduğundan az olacağı ehtimal edilir. Belə ki, builki büdcədə neftin baza qiyməti 50 dollar/barel nəzərdə tutulmasına baxmayaraq, Azərbaycan neftinin orta qiymətinin hesabat ilində bu həddən aşağı olacağı gözlənilir. Daha əvvəl Maliyyə Nazirliyi büdcəyə yenidən baxılaraq neftin yeni baza qiymətinin 30 dollar/barel səviyyəsində nəzərdə tutulacağını bildirsə də, hələlik bu barədə rəsmi məlumat açıqlanmayıb. Lakin ötən illərin statistikasını diqqətə alaraq "Report"un analitik qrupu neftin orta illik qiymətinin 30 dollar/barel və 40 dollar/barel olması halında büdcənin neft sektorundan xarici və yerli valyutada təxmini daxilolmalarını hesablayıb.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycan neftinin orta illik qiyməti 101,51 dollar/barel olub və neft sektorundan büdcəyə daxilolmalar 2,807 mlrd. manat və ya 3,58 mlrd. dollar təşkil edib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ildə büdcəyə 1 855,230 mln. manat (2 366,365 mln. dollar) vəsait ödəyib ki, bu da əvvəlki ilə nisbətən 17,8% çoxdur. Bundan əlavə, 2014-cü ildə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 141,240 mln. manat (180,153 mln. dollar) təşkil edib.

Ötən il isə Azərbaycan neftinin orta qiyməti 54,74 dollar/barel, neft sektorundan büdcəyə vergi daxilolmaları 2,1 mlrd. manat və ya 2 mlrd. dollar təşkil edib. SOCAR 2015-ci ildə dövlət büdcəsinə 1 480,195 mln. manat (1 409,710 mln. dollar) ödəyib. Bundan əlavə, 2015-ci ildə Şirkət tərəfindən DSMF-yə ödəniş 139,294 mln. manat (132,660 mln. dollar) təşkil edib.

"Report"un analitikləri Azərbaycan neftinin bu il orta qiyməti 30 dollar/barel olacağı təqdirdə neft sektorundan büdcə daxilolmalarının 1,1 mlrd. dollar və ya 1,74 mlrd. manata (1,58 AZN/USD məzənnəsi ilə) bərabər olacağını proqnozlaşdırırlar ki, bu da 2015-ci ilin analoji göstəricisindən manat ekvivalentində 360 mln. və ya 17,1% azdır. Yəni, neftin orta illik qiyməti 30 dollar/barel olarsa, dolların orta illik məzənnəsi 1,90 AZN/USD olmalıdır ki, büdcəyə 2,1 mlrd. manatın daxil olması təmin edilsin.

Neftin orta illik qiyməti 40 dollar/barel olarsa, neft sektorundan büdcəyə vergi daxilolmaları 1,46 mlrd. dollar və ya cari məzənnə ilə 2,3 mlrd. manat təşkil edəcək ki, bu da keçən ilə nisbətən manat ekvivalentində 200 mln. və ya 9,5% çoxdur.

"Report"un apardığı hesablamalara görə, neftin orta illik qiymətinin 36,4 dollar/barel olması halında 2016-cı ildə neft sektorundan büdcəyə vergi daxilolamalarında manat ekvivalentində dəyişiklik olmayacaq. Yəni, 2016-cı ildə neftin ortalama qiymətinin bu səviyyədə olacağını ehtimal etsək, bu, onu deməyə əsas verəcək ki, neft sektorundan daxilolmalar bu il sabit qalacaq.

Manatın məzənnəsinin dekabr ayında təxminən 50% qədər zəifləməsi göründüyü kimi neft sektorundan vergi daxilolmalarının həcmini manat ekvivalentində artırıb və neftin orta illik qiyməti 40 dollar/barel olacağı təqdirdə büdcədə qeyri-neft sektorundan daxilolmalarda proqnozlaşdırılan azalmanı bir qədər kompensasiya edə biləcək.

Son xəbərlər

Orphus sistemi