"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5 Maliyyə bazarlarının əsas diqqəti ECB-də olacaq
Maliyyə
23 Oktyabr , 2017 13:21
Report: Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu həftənin ən vacib qlobal iqtisadi xəbərləri avrozona, ABŞ, Böyük Britaniya, Yaponiya və Kanadada açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Oktyabrın 26-da Bakı vaxtı ilə saat 15:45-də Avropa Mərkəzi Bankının (ECB) uçot dərəcəsi ilə bağlı qərarı açıqlanacaq. Qeyd edək ki, analitiklər uçot dərəcəsinin dəyişdirilməsini gözləmirlər. Əsas diqqət ECB-nin rəhbəri Mario Draginin qərardan 45 dəqiqə sonra keçirəcəyi mətbuat konfransına yönəldiləcək. Bu çıxışda investorlar ECB-nin monetar ekspansiyanı hansı həcmdə və hansı tarixdən etibarən azaltmağa başlayacağı barədə açıqlamaları izləyəcəklər. ECB-də gedən diskussiyalardan xəbərdar olan mənbələrin verdiyi məlumata görə, aylıq stimullaşdırmanın həcmi 60 mlrd. avrodan 25-40 mlrd. avroya endiriləcək və proqram daha 9 ay uzadılacaq;

2) Oktyabrın 27-də ABŞ-da III rüb üzrə iqtisadi artım göstəricisi açıqlanacaq. Proqnozlara görə, ÜDM-də 2,6% artım gözlənilir. Bununla yanaşı, vergi islahatları ilə bağlı proses yaxından izlənəcək. Oktyabrın 26-da isə ABŞ-da işsizlik müavinəti müraciətləri və uzunmüddətli malların sifarişləri açıqlanacaq;

3) Oktyabrın 25-də Böyük Britaniyanın III rüb üçün ÜDM artımı göstəricisi açıqlanacaq. Analitiklər göstəricinin 0,3%-ə yüksəlməsini proqnozlaşdırırlar. Belə olarsa, Britaniya iqtisadiyyatının illik artımı 1,4% təşkil edəcək ki, bu da II rübün illik artımından (1,5%) bir qədər aşağıdır. Həmçinin, ÜDM-in yavaşlaması İngiltərə Mərkəzi Bankının uçot dərəcəsini artırmaq planlarını ertələməsinə səbəb olaraq funt sterlinqin ucuzlaşmasına gətirib çıxara bilər;

4) Oktyabrın 27-də Bakı vaxtı ilə saat 03:30-da Yaponiyada oktyabr ayının inflyasiya göstəricisi açıqlanacaq. Analitiklər illik inflyasiyanın 0,8% olacağını proqnozlaşdırırlar. Bu isə hədəf 2%-dən çox aşağıdır. Nəticədə, Yaponiya Mərkəzi Bankının monetar stimullaşdırmanı davam etdirməsi, bunun da yenin ucuzlaşmasına səbəb olması gözlənilir;

5) Oktyabrın 25-də saat 18:00-da Kanada Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarı açıqlanacaq. Ekspertlər uçot dərəcəsinin 1%-də saxlanılacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi