Yuxarı

​"Report": Bu gün dolların gələcəyi müəyyənləşəcək

İlin sonuna qədər dollar/avro məzənnəsi paritetə yaxınlaşa bilər

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ dollarının dünya valyutalarına qarşı məzənnəsinin gələcəyi bu gün ABŞ-da açıqlanacaq işsizlik göstəricilərindən asılı olaraq dəyişəcək. "Report" xəbər verir ki, bu gün ABŞ-da oktyabr ayı üçün işsizlik göstəricisi, qeyri-kənd təsərrüfatı sektorunda iş yerlərinin sayının dəyişməsi, iqtisadi fəal əhalinin xüsusi çəkisi və saat hesabı orta əmək haqqı kimi önəmli göstəricilər açıqlanacaq.

Bu göstəricilərdən ən əsası qeyri-kənd təsərrüfatında iş yerlərinin sayının dəyişməsidir ki, bu göstəricinin proqnozlara görə 180 min nəfər (sentyabrda - 142 min nəfər) artacağı ehtimal edilir. Lakin "Morqan Stanley" bankının məruzəsində deyilir ki, iş yerlərinin sayı hətta proqnozdan az artarsa, bu, dolların möhkəmlənməsinə səbəb olacaq. Ancaq iş yerlərinin sayında həddindən artıq azalma olarsa, o zaman dolların məzənnəsi zəifləyə bilər. Lakin iqtisadçılar bu ehtimalı demək olar ki, imkansız hesab edir. İş yerlərinin sayı proqnozlardan artıq açıqlanarsa, o zaman dolların məzənnəsi sərt şəkildə artacaq və hətta ilin sonuna qədər avro ilə paritetə yaxınlaşa bilər.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin dekabrda artırılması üçün diqqət etdiyi göstəricilərdən ən əsası məhz bu gün açıqlanacaq işsizlik statistikasıdır. Hazırda avro/dollar məzənnəsi 1,0870 USD/EUR ətrafında dəyişir.

"Report"un analitik qrupu bildirir ki, 1,08 USD/EUR səviyyəsindən aşağı düşəcəyi təqdirdə, məzənnə sürətlə 1,04 USD/EUR-a yaxınlaşacaq. Bu da dünyada bir çox mal və xidmət növünün qiymətinin azalmasına səbəb olacaq. Səhmlər, neft və qızıl da daxil olmaqla xammal növləri, əmlak qiymətləri əsas mənfi təsirə məruz qalan aktivlərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi