​"Report": Azərbaycan yuana yatırılan sərmayələrdən zərər çəkə bilər

​"Report": Azərbaycan yuana yatırılan sərmayələrdən zərər çəkə bilər Qərbin analitikləri də kəskin qiymət azalmasına qarşı investorlara xəbərdarlıq edib
Maliyyə
3 İyul , 2015 17:27
​Report: Azərbaycan yuana yatırılan sərmayələrdən zərər çəkə bilər

Bakı. 3 iyul. REPORT.AZ/ Dünya iqtisadçıları artıq yaxın vaxtlarda Çin yuanının zəifləyəcəyini proqnozlaşdırırlar. ABŞ-ın Denver ştatında yerləşən "Crescat Capital" aktiv şəkildə Çin yuanını ABŞ dollarına çevirməyə başlayıb. O,bunu Çin Xalq Bankının bir il ərzində yuanı dollara bağlamaqdan imtina edəcəyi ilə bağlı ehtimalları ilə əlaqələndirir.

"Report"un məlumatına görə, "Crescat Capital"ın qurucusu və baş direktoru Kevin Smit qeyd edib ki, son illər yuan çox möhkəmlənib və bu səbəbdən şirkət dollara qarşı yuan satır. Bu investisiya strategiyasını fond artıq bir ilə yaxındır davam etdirir.

Qeyd edək ki, "Crescat Capital" 2005-ci ildə yaranıb və müxtəlif makroiqtisadi dəyişikliklərdə, maliyyə böhranlarında və əmlak bazarında spekulyativ əməliyyatlar üzrə ixtisaslaşıb.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci il iyulun 1-dən etibarən Çin mənşəli istiqrazlara 3 mlrd. yuan investisiya yatırmağa başlayıb. Bunun üçün 2014-cü ildə Çin Xalq Bankından müvafiq lisenziya alınıb. Növbəti mərhələdə isə Çinin səhm bazarına investisiya yatırmaq üçün lizenziyanın alınması qərarlaşdırılıb.

"Report"un analitik qrupu hesab edir ki, yuanın dollara bağlanması qərarı Çin Xalq Bankı tərəfindən ləğv olunarsa, yuan müəyyən devalvasiyaya məruz qala bilər. Bu da ARDNF-nin aktivlərinə dollar ekvivalentində zərər vura bilər.

"Digər tərəfdən, səhm bazarına investisiya yatırmaq üçün də daha uyğun zamanı gözləmək lazımdır. Qeyd edək ki, Çin səhm bazarının əsas göstəricisi hesab edilən "Shanqhai Composite" (SSEC) indeksi 2015-ci il iyunun 12-dən etibarən 1 494 bənd və ya 29% azalaraq 3 684 bəndə düşüb. Lakin unutmayaq ki, bu il martın 9-da 3 198 bənd təşkil edən SSEC indeksi 3 ay ərzində 1 980 bənd və ya 62% artaraq 5 178 bəndə yüksəlib. Bundan başqa, fond birjasında bağlanılan əqdlərin həcmi 198 mlrd. dolları ötüb. Müqayisə üçün bildirməliyik ki, Nyu-York fond birjasında orta gündəlik əqdlərin həcmi 40-50 mlrd. dollar təşkil edir", - deyə analitiklər bildirib.

"Bank of America Merryl Lynch" Çin birjasında əqdlərin həcminin artmasını riskli olduğunu qeyd edərək kəskin qiymət azalmasına qarşı investorlara xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi