Yuxarı

"Report": Azərbaycan Mərkəzi Bankı məzənnəyə zəmanət verməlidir

Bu, valyuta ehtiyatlarının manata konvertasiyasına, kreditləşmənin artmasına və iqtisadiyyatın canlanmasına səbəb olacaq

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanın maliyyə sektorunda dedollarizasiya prosesinin uğurla həyata keçirilməsi məqsədi ilə ABŞ dollarının rəsmi məzənnəsinin sabitliyi ilə bağlı ən azı ortamüddətli perspektiv (2-3 il) üçün dövlət tərəfindən zəmanət verilməlidir. "Report"un analitik qrupu hesab edir ki, yalnız bu halda valyuta ehtiyatları (o cümlədən, depozitlər) milli valyutaya konvertasiya oluna və manatla kreditləşmədə canlanma yarana bilər. Manatla kreditləşmənin aktivləşməsi isə öz növbəsində iqtisadi artımı sürətləndirəcək, hətta AZN/USD məzənnəsinin bir qədər düşməsinə səbəb ola bilər.

"Hazırkı mərhələdə, dolların bazar qiymətini nisbətən sabitləşdiyini nəzərə alaraq dedollarizasiyaya başlamaq mümkündür. Belə olan halda, hətta perspektivdə dünya bazarında neftin qiymətinin təkrar geriləməsinə də maliyyə sektoru və əhalinin normal reaksiya göstərməsi gözlənilir", - deyə analitiklər qeyd ediblər. 

Ekspertlərin fikrincə, manatla kreditləşmənin genişlənməsi idxalın həcmini artıracaq və nəticədə, ölkədən kapital axınının sürətlənməsi baş verə bilər: "Bu da neft gəlirlərinin azalması fonunda arzu olunan hal deyil. Ən ideal variant ipoteka kreditləşməsinin manatla artırılması ola bilər. Bu, həm yeni iş yerlərinin açılmasına, həm də məhdud şəkildə artmasına gətirib çıxaracaq. Çünki inşaat sektorunun bir çox malları yerli istehsalata aiddir. Bununla bərabər, inşaat sektoruna bağlı bir çox sahələr inkişaf edəcək".

"Report"un analitik qrupu hesab edir ki, manatla əmanətlərin cari məzənnə ilə sabitləşməsi kimi məhsulu kommersiya bankları təklif edə bilər: "Bu da Mərkəzi Bankın zəmanət verəcəyi təqdirdə mümkündür. Əvəzində isə bankların manat likvidliyi artacaq və kreditləşmə sürətlənəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi