​"Report": Avronun möhkəmlənməsi davam edəcək - PROQNOZ

​"Report": Avronun möhkəmlənməsi davam edəcək - PROQNOZ Yaxın 3-5 il ərzində məzənnə 1-1,20 USD/EUR intervalında dəyişəcək
Maliyyə
3 İyun , 2015 18:00
​Report: Avronun möhkəmlənməsi davam edəcək - PROQNOZ

Bakı. 3 iyun. REPORT.AZ/ Son bir gündə dünya bazarında avro dollara qarşı kəskin möhkəmlənərək 1,12 USD/EUR səviyyəsinə qədər yüksəlib. Buna səbəb Avrozonada inflyasiyanın may ayında 0,3% artması olub.

"Report"un analitik qrupu qeyd edir ki, iqtisadi ekspertlər inflyasiyanın 0,2% artacağını proqnozlaşdırırdılar. İnflyasiyanın gözləntilərdən çox olması investorlar tərəfindən Avrozonada iqtisadi artımın sürətlənəcəyinin ilkin göstəricisi kimi qəbul edilib. Bu səbəbdən avro digər valyutalara, xüsusilə də ABŞ dollarına nəzərən kəskin möhkəmlənib.

Qeyd edək ki, iyunun 2-də səhər 1,0913 USD/EUR səviyyəsində olan məzənnə axşam saatlarında 2,6% artaraq 1,1194 USD/EUR-a qədər yüksəlib. Daha sonra bir qədər investorlar tərəfindən gəlirlərini həyata keçirmək məqsədilə satış həyata keçirilib və nəticədə məzənnə 1,1185 USD/EUR-a düşüb.

Məzənnənin avro lehinə yüksəlməsinə digər bir səbəb isə bu həftə Avrozona ölkələrinin siyasi və maliyyə liderləri tərəfindən Yunanıstan probleminin həll olunması istiqamətində keçirdikləri görüşlərdir. Qeyd edək ki, ekspertlər bu görüşlərdən müsbət həll variantı gözləyirlər. Görüşlərin nəticəsi bu həftənin sonuna qədər bilinəcək.

"Report"un analitikləri qeyd edirlər ki, Yunanıstana Avropa İttifaqı, BVF və Avropa Mərkəzi Bank tərəfindən qısamüddətli maliyyə dəstəyi verilsə də, uzunmüddətli perspektivdə problemlərin davam edəcəyi gözlənilir.

Nəticə etibarilə avro qısa və orta müddətdə möhkəmlənmə trendini davam etdirəcək. Bu trendin davam etməsinə digər bir səbəb də Federal Ehtiyat Sisteminin qərarı və ABŞ-da iqtisadi göstəricilərin zəifliyi olacaq. "Report"un ekspertləri hesab edir ki, FES-in sentyabrda və ya 2016-cı ilin əvvəlində uçot dərəcəsini artırması müvəqqəti hal olacaq. Uçot dərəcəsinin əsaslı şəkildə artırılması ABŞ iqtisadiyyatının 4%-dək artım əldə edəcəyi təqdirdə baş verə bilər. Bu artımın isə yaxın 3-5 il ərzində olacağı gözlənilmir.

"Bütün bunları nəzərə alaraq deyə bilərik ki, dollar/avro məzənnəsi ABŞ və Avropa tərəfindən açıqlanan müxtəlif xəbərlər fonunda yaxın 3-5 il ərzində 1-1,20 USD/EUR intervalında hərəkət edəcək", - "Report" analitikləri qeyd edib.

Son xəbərlər

Orphus sistemi